Xəbər verdiyimiz kimi, noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək.
Bəs görəsən, Azərbaycan universitetləri də bu reytinq cədvəlində yer alacaqmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimli qeyd edib ki, bu il reytinq siyahısında Azərbaycan universitetlərinin sayı həddən artıq çox olacaq:
“Çox maraqlıdır ki, bu reytinq cədvəlində bizim universitetlərimiz yer alacaqmı? Qeyd etmək lazımdır ki, cari il dünya reytinqdə Azərbaycanın iki ali məktəbi - UNEC və BDU iştirak edib yüksək nəticələr göstərmişdilər. Düşünürəm ki, bu il reytinq siyahısında iştirak edəcək Azərbaycan universitetlərinin sayı həddən artıq çox olacaq.
Nəzərə almaq lazımdır ki, QS və yaxud digər reytinq nəticələri o qədər də asan başa gəlmir. Bunun üçün universitetlər illər üzrə stratejli planlanma etməli, dayanıqlılıq üzrə də fəaliyyətlər göstərməlidirlər. Təkcə QS deyil, eyni zamanda “Times Higher Education” üzrə reytinqdə xeyli universitetimiz iştirak etmişdilər. Bu il onun nəticələri də açıqlanmışdı”.
Ekspert bildirib ki, ali məktəblərimiz hər zaman reytinq cədvəlində fəal iştirak edirlər:
“Universitetlərimiz həmin reytinqlərdə yer almaq üçün çox çalışırlar. Bunun ali təhsiləfaydası odur ki, dünyanın bütün iqlim dəyişikliklərinə qarşı universitetlər tullantıların aşağı salınması istiqamətində fəaliyyət göstərsinlər. Həmçinin, ətraf mühitin qorunması üzrə tələbələrin və müəllimlərin davamlı olaraq maarifləndirilməsi də olduqca vacibdir.
Əslində dünyada COVİD19 pandemiyasından sonrakı dönəmdə bəzi universitetlər dünyanın müxtəlif aparıcı ölkələri distant təhsil formasına keçdilər. Həmçinin bu təhsil formasının da elə birbaşa ətraf mühitin qorunması istiqamətində böyük təsiri var. Belə ki, insanlar nəqliyyatdan istifadə etməməsi, auditoriyaların isidilməsi və işıqlandırılması kimi məsələlərin olmaması da təsirini göstərmiş olur. Elə buna görə də distant təhsilin özü də ətraf mühitin qorunması istiqamətində təhsilin əlçatanlığını da təsir göstərir”.