Günümüzdə ikinci bakalavr təhsili almaq istəyən kifayət qədər insan var.
Maraqlıdır ki, ikinci ali təhsil almaq istəyənlər ixtisas seçimində nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti, Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, ixtisas seçimi zamanı 5-6 illik tələbat olacaq sahələrə deyil, ən azı 30-40 il çalışa biləcəyimiz ixtisaslara üstünlük verməliyik:
“Son dövrlər ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə edirik. Çox zaman həmin şəxlər seçdikləri ilk ixtisas üzrə təhsil aldıqdan sonra bu sahəyə əmək bazarında o qədər də tələbat olmadığı qərarına gəlirlər. Ona görə də ikinci təhsilə yönəlirlər. Qeyd edim ki, istər birinci, istərsə də ikinci bakalavr təhsilində ixtisas seçərkən əmək bazarının əsas tələbatları araşdırılmalı, mütəxəssis rəyi alınmalıdır. Gənclər ilk növbədə: “seçdiyim ixtisas gələcək illərdə nə qədər perspektiv olacaq?”, sualına cavab tapmalıdırlar”.
Müsahibimiz vurğulayıb ki, kortəbii formada ali təhsil müəssisələrinə qəbul olunduqda və ya oxuduqda onlar öz ixtisaslarını yenə də dəyişməli və ya oxuduqları ixtisas ilə kifayətlənmi olacaqlar:
“Bu gün (İT) sahəsinə daha çox tələbat var. Çünki biz (İT) texnologiyasının daha çox inkişaf etdiyi bir əsrdə yaşayırıq. Bu istiqamətdə təhsil alanlar əmək bazarının tələbatını ödəyə bilirlər. Təkcə bu deyil, bir sıra ixtisaslar üçün bunu demək olar. Az öncə də qeyd etdiyim kimi, ixtisas seçərkən insanlar təkcə indini deyil, gələcəyi də fikirləşməlidirlər”.