Hər bir gəncin gələcək inkişafı bilavasitə onun təhsili ilə bağlıdır. Bakalavr təhsili əhəmiyyətli olduğu kimi magistratura təhsil pilləsi də mühüm rola malikdir. Belə ki, magistratura mərhələsində tələbələr dissertasiya üçün mövzu götürürlər və həmin mövzunu müdafiə edirlər.
Dissertasiya müdafiəsi ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetinin magistr tələbələri saytımıza şikayət olaraq bildiriblər ki, yalnız ümumi ortalama balı 81-dən yuxarı olan təhsilalanlar dissertasiya müdafiə edib, tam ali təhsilli hesab oluna biləcəklər. Digərləri isə natamam ali təhsilli hesab olunacaq.
Bəs tələbələrin bu şikəyəti nə dərəcədə doğrudur?
AzEdu.az Təhsil Portalı olaraq məsələ ilə bağlı sözügedən universitetlə əlaqə saxladıq.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) verilən məlumata görə, Biznesin təşkili və idarə edilməsi (MBA) proqramı üzrə təhsil alan tələbələrə ilk gündən qaydalar izah edilir:
“Tələbələrə bildirilir ki, birinci kursun nəticələrinə görə onlara tədris olunan fənlərdən topladıqları ballara uyğun olaraq seçim veriləcəkdir.
Belə ki, ÜOMG (Ümumi orta müvəffəqiyyət göstəricisi) 81 balın üzərində olan tələbələr Dissertasiya işi yazmaq üçün mövzu götürə bilərlər. İkinci kursun sonunda da götürdükləri mövzu üzrə yazdıqları Dissertasiyanı müdafiə etdikləri təqdirdə digərləri isə Yekun Dövlət imtahanından müvəffəq qiymət aldıqda diplom alırlar.
Normativ təhsil müddətini müvəffəqiyyətlə bitirmiş bütün məzunlar eyni statuslu magistr diplomu əldə edirlər", - deyə qeyd edilib.