Xəbər verdiyimiz kimi, 2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən xaric edilən tələbələrin sayı məlum olub.
Belə ki, bu il dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582-dir.
Bəs, görəsən, universitetlər üzrə xaric edilən neçə tələbə var?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlərə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə bildirilib ki, onlardan 50 nəfəri transfer ediblər:
“74 nəfəri isə davamiyyətsizlik, təhsil müddətinin uzanması, əlaqənin kəsilməsi, nizam intizam qaydalarının pozulması, şəxsi və s. kimi səbəblərdən universitetdən xaric edilib”.
Azərbaycan Texniki Universitetinin (AzTu) mətbuat katibi Sevinc İsgəndərova qeyd edib ki, 2023/2024-cu tədris ilində 225 tələbə xaric olunmuşdur:
“Universitet ilə əlaqə saxlamadığına görə 151, öz arzusu ilə 68, nizam -intizam qaydalarını pozduğuna görə 3 və vəfatı ilə əlaqədar 3 nəfər universitetdən xaric edilib”.
Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən bildirilib ki, yanvar ayından etibarən 40 tələbə ali məktəbdən xaric edilib.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinn rəhbəri Günel Aslanova qeyd edib ki, 2023-2024-cü ili ərzində universitetdən 176 tələbə xaric edilib:
“Onlardan 53-ü yerli tələbə, Naxçıvan Dövlət Universitetinə köçürülən 9 tələbə, Gülhanə TA -8 nəfər və 36 nəfər isə digər səbəblərdən xaric olunub. 123 əcnəbi tələbə, YÖK -35 nəfər, və 88 nəfər isə digər səsblərdən xaric edilib”.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, 2024-cü ildə ümumilikdə müxtəlif səbəblərdən 98 nəfər tələbə xaric olunub.