Bir çox hallarda özəl universitetlərdə qəbul ballarının dövlətə nisbətən daha aşağı olduğunu müşahidə edirik. Bəzən isə cəmiyyətdə keçid balları az olan ali təhsil müəssisələrinin keyfiyyətinin də aşağı olduğu bildirilir.
Bəs, görəsən, keçid balları universitetin keyfiyyətindən xəbər verirmi?
Mövzu ilə bağlı təhsil eksperti Vüsal Kərimli AzEdu.az-a açıqlama verib.
“Dünyanın müxtəlif ölkələrində universitetləri alternativ üsullarla qiymətləndirirlər. Amma Azərbaycanda universitetlərin yeganə qiymətləndirmə metodu hələ ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda tələbənin topladığı baldır.
Yüksək ballı tələbələrin özəl universitetlərə qəbulu məsələsinə universitetlərin özü o qədər də maraqlı olmur. Belə ki, yüksək ballı tələbə dövlət sifarişi ilə təhsil alacağı üçün onun xərcini dövlət, aşağı ballı tələbə isə özü ödəyir. Bu zaman əsas fərq dövlətin universitetə ödədiyi məbləğlə, tələbənin ödədiyi məbləğin eyni miqdarda olmamasıdır.
Özəl universitetlərdən bir neçəsi son illərdə təhsil haqlarını çox artırıblar. Tələbələrin də maddi cəhətdən çətinlikləri olduğuna görə çox az yüksək ballı tələbə var ki, özəl universitetdə təhsil almağa qərar verirlər. Xüsusən də Xəzər Univeresitetində təhsil haqları yüksəkdir.
Bu səbəbdən də yükək ballı tələbələr dövlət universitetlərini seçirlər. Eyni zamanda Xəzər Universitetinin profilinə baxdıqda, görürük ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti ilə rəqabətdədir. Belə olan halda, tələbə yüksək balla dövlət universitetini seçir.
Bir neçə dövlət universitetinin son dönəmlərdə beynəlxalq reytinqlərdə yüksək yerləri tutması və aktiv şəkildə beynəlxalq əməkdaşlığın gücləndirilməsi işini genişləndirdiyi üçün tələbələr daha çox dövlət universitetlərinə üz tuturlar”.