İxtisas seçimi zamanı çox zaman müşahidə edilən situasiyalardan biri də valideynlərin övladlarını özəl deyil, dövlət universitetlərində təhsil almalarını istəmələridir.
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, özəl universitetlərin diplomları bir müddət sonra tanınmayacaq və ya işə qəbul zamanı çətinlik çəkəcəklər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, hazırda özəl və dövlət universitetləri arasında çox da fərq yoxdur:
“Bu daha çox insanların özlərinin yaratdıqları düşüncə və yanaşmadır. Hər ikisinin diplomu dövlət diplomudur. Yəni özəl universitetlərin diplomlarını da Elm və təhsil Nazirliyi verir, çünki onlar lisenziyanı nazirlikdən alırlar.
Hətta bir neçə özəl universitetlərimiz var ki, dövlət ali təhsil müəssisələrindən daha yaxşı təhsil verir. Məsələn, Xəzər Universitetində təhsil keyfiyyəti kifayət qədər yüksəkdir. Ona görə də həm qanuni, həm də hüquqi baxımdan həmin ali təhsil müəssisələr arasında ayrı-seçkiliyin qoyulması düzgün deyil.
Əgər həmin mövzu ilə bağlı kimlərinsə iddiası varsa, bu əsassız yanaşmadır. Hesab edirəm ki, özəl və dövlət universitetlərin fəaliyyəti məsələsində vətəndaşlarımız maksimum dərəcədə diqqətli olmalı, məlumatlanmalıdırlar”.
C.Məmmədovun sözlərinə əsasən önəmli olan harada təhsil aldığın deyil, hansı keyfiyyətdə təhsil aldığındır:
“Tövsiyəmiz ondan ibarətdir ki, ali təhsil müəssisəsi seçərkən keyfiyyətə daha çox önəm verilsin. Gələcəkdə dövlət qurumlarında işlə təmin olunmaqla bağlı məsələdə isə, inanmıram ki, həmin qurumlarda dövlət və özəl fərqi qoyulsun. Hazırda o qədər dövlət qurumları var ki, orada fəaliyyət göstərənlər içərisində özəl universitetlərin məzunları da var”.