“Niyə övladımızı rahatlıqla özəl bağçaya, özəl məktəbə göndəririk, amma universitet seçimində özəl olmasın deyirik?"
Bu fikri AzEdu.az-a açıqlamasında qeyd edən təhsil eksperti Adil Vəliyev bildirib.
Ekspert vurğulayıb ki,valideynlər övladını bağçaya və ya məktəbə göndərərkən əsasən özəl bağçaya, məktəblərə üz tuturlar:
“Lakin övladının ixtisas seçimi zamanı şahidi oluruq ki, valideynlər özəl ali təhsil müəssisəsindən daha çox dövlət universitetlərini üstün tuturlar. Onlardan bunun səbəbini soruşduğum zaman “özəl təhsil müəssisələrinin diplomu tanınmır, həmçinin bu universiteti bitirəndə iş tapmaq olmur”,- deyə fikir bildirirlər.
Hesab edirəm ki, bu barədə maarifləndirici tədbirlər aparılmır və maarifləndirici məlumat verilmir. Çünki həm özəl, həm də dövlət universitetlərində diplomlar Elm və Təhsil Nazirliyi tərəfindən verilir. İş tapmaq prosesində isə istər dövlət qulluğu, istərsə də məzunun şəxsi müraciətinə əsasən şirkətlər, müəssisələr tərəfindən işlə təmin olunur.
Bu zamanda həmin fərdin bacarıqları, şəxsi keyfiyyəti və biliyi əsas götürülür. Düşünürəm ki, valideynlər özəl və dövlət seçimi müzakirə etməkdənsə, ixtisaslara daha çox diqqət ayırsınlar. Əmək bazarının tələbi olan hansı ixtisaslardır? Ali məktəbə bitirdikdən sonra hansı sahə üzrə daha yaxşı işləyə bilər? Seçilən ixtisas hansı universitetdə daha yaxşı tədris edilir? və s.”.
A.Vəliyev söyləyib ki, bəzi hallarda özəl universitetlərin bağlanması da oradan uzaqlaşmaq üçün səbəb deyil:
“Məsələn, özəl universitetlər içərisində Xəzər Universitetini biz misal götürsək, demək olar ki, illərlə dünya reytinq cədvəlində olan ali məktəbdir. Hər il bu ali məktəb özəl universitetlər içərisində ən yüksək pillədə olur. Hətta dövlət universitetləri içərisində belə ən yüksək pillədə Xəzər Universitetini görmək mümkündür.
Son illər özəl universitetlərin bağlanmasını da valideynlər bəzən səbəb kimi göstərirlər. Bu zaman sözsüz ki, dövlət öz tələbələrinə sahib çıxır və heç zaman hər hansısa bir universitet hansısa səbəbdən bağlanarsa, tələbələrin ziyan çəkməməsi üçün onları fərqli ali məktəblərə, ixtisaslara transfer edilir”.