Universiteti bitirən tələbələrin çoxu təhsil aldığı ixtisas üzrə işləmir. Bəziləri qeyd edirlər ki, ali məktəbi bitirmək 2 məqam üçün lazımdır. Birincisi diplom almaq, ikincisi isə sosiallaşmaq.
Maraqlıdır, tələbələrin işsiz qalması yaxud öz ixtisası üzrə iş tapa bilməməsinin günahı kimdədir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimlinin sözlərinə görə, elə bir qayda yoxdur ki, hər bir kəs öz məzun olduğu sahə üzrə çalışsın:
“Əvvəllər diplom almaq həm sosiallaşmaq, həm də bir kağız parçasını əldə etmək kimi düşünənlər var idi, lakin hazırda bu belə deyil. Məzunların öz ixtisası üzrə iş tapa bilməməsi illərdir ki, gündəmdədir. Elə bir qayda yoxdur ki, hər bir kəs öz məzun olduğu sahə üzrə çalışsın. Əlbəttə, çalışsa bu həmin şəxsinn məzun olduğu universitetin üstünlüyüdür.
Hər zaman beynəlxalq reytinqlərdə də məhz məzunların iş tapma statistikası nəzərə alınır. Digər bir məsələ isə ali məktəblərə sual verilir ki, neçə faiz məzunu öz ixtisası üzrə çalışır və yaxud neçə faizi sahibkar fəaliyyəti ilə məşğuldur. Bu ölçülər universitetin keyfiyyətinin göstəricisi kimi hesab olunur”.
Ekspert universitetlərə sərbəstliyin verilməsinin tərəfində olduğunu bildirib:
“Tələbələrin iş tapa bilməməsinin əsas səbəblərindən biri universitetlərin ixtisas proqramları üzrə təhsil proqramlarını hazırlayanda əmək bazarının tələblərini diqqətə almamasıdır. Hətta qeyd edərdim ki, 80-85% əksər ali məktəblər təhsil proqramlarını hazırlayan zaman bazarın tələblərinə hansı kompetensiyaların tələb olunduğunu o qədər də yaxşı araşdırmır.
İkinci məsələ isə təhsil proqramlarının vahid təşkil edilməsidir. Bu da doğru deyil. Çünki hər bir universitetə sərbəstlik verilməlidir. Sərbəstlik dedikdə, təbii ki, bu, qanunvericilik çərçivəsində olmalıdır.
Artıq bakalavr pilləsində müəyyən olunan təhsil proqramı bütün ölkə üçün keçərli olmamalıdır. Düşünürəm ki, bu məsələlərə daha liberal yanaşmaq lazımdır. Həmçinin universitetlər məzunlarının sonrakı taleyi ilə maraqlanmalıdır”, - deyə ekspert fikrini tamamlayıb.