"Gələcəkdə iş tapmaq çətin ola biləcək ixtisaslar, sürətlə dəyişən texnoloji inkişaflar, iş bazarının tələbləri və iqtisadi şərtlərə bağlıdır".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.
Ekspert bildirib ki, hər bir ölkədə və iş bazarında bu tendensiyalar fərqli olsa da, lakin ümumi olaraq dünyada və Azərbaycanda bəzi ixtisasların gələcəkdə iş tapmaqda çətinlik çəkəcəyi mümkündür:
"Ədəbiyyat və filologiya ixtisasları üzrə məzunların iş imkanları, əsasən, təhsil və tərcümə sahələri ilə məhdudlaşır. Müəllimlik imkanları mövcud olsa da, bu sahədə artıq kifayət qədər mütəxəssis var. Rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tərcümə sahəsindəki istifadəsi də bu ixtisasın dəyərini azalda bilər. Səbəb kimi rəqəmsal texnologiyaların tərcümə işlərinə təsiri, təhsil sektorunda artıq olan müəllim sayı və məhdud iş yerləri və iş bazarında bu ixtisasa olan tələbatın azalmasını qeyd etmək olar.
Sosiologiya və digər sosial elmlər üzrə ixtisaslaşan məzunların iş tapmaqda çətinlik çəkə biləcəyi ehtimal olunur, çünki bu sahələrdə konkret iş imkanları nisbətən məhduddur və çox vaxt yalnız akademik və tədqiqat sahələrində iş yerləri mövcuddur.Səbəb isə iqtisadi və sosial tədqiqatlara məhdud dövlət və ya özəl sektor maliyyəsi, sosial elmlər sahəsində məzunlar üçün az sayda akademik iş imkanları eləcə də qeyri-kommersiya təşkilatlarında və ya beynəlxalq təşkilatlarda yüksək rəqabətdir.
Politologiya və beynəlxalq münasibətlər ixtisasları üzrə məzunlar üçün dövlət və beynəlxalq təşkilatlarda iş yerləri olsa da, rəqabət çox yüksəkdir və çox az sayda iş imkanı mövcuddur. Diplomatik sahədə işə qəbul prosesləri adətən çox mürəkkəbdir və ciddi tələblər irəli sürülür".
K.Əsədov söyləyib ki, Marketinq və reklam sahəsində rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tətbiqi ilə bir çox işlər avtomatlaşdırılır:
"Bu, marketinq və reklam sahələrindəki iş imkanlarının azalmasına səbəb ola bilər. Həmçinin, bu sahələrdə artıq çox sayda məzunun olması rəqabəti artırır. Biologiya və təbiət elmləri üzrə ixtisaslaşan məzunlar üçün iş imkanları, adətən, akademik və ya tədqiqat sahələri ilə məhdudlaşır. Ancaq bu sahələrdə də rəqabət çox yüksəkdir və maliyyə dəstəyi məhduddur. Tətbiqi sahələrdə, məsələn, biotexnologiyada iş imkanları olsa da, burada da ciddi rəqabət mövcuddur.
Bu ixtisaslar üzrə iş tapmaqda çətinlik çəkmək ehtimalı yüksək olsa da, hər sahədə fərdi bacarıqlar, ixtisaslaşma və praktiki təcrübə önəmlidir. Gələcəkdə iş tapmaq perspektivləri üçün tələbələrin dəyişən iş bazarına uyğunlaşmaları, əlavə bacarıqlar öyrənmələri və müxtəlif sahələrdə təcrübə qazanmaları vacibdir. İş bazarının dinamikliyi və dəyişən tələblər səbəbindən hər bir məzunun çevik və adaptiv olması önəm kəsb edir".