Bakı Mühəndislik Universitetinin (BMU) kimya müəllimliyi ixtisasının builki məzunu Xədicə Abdullazadə Cənubi Koreyanın top 3 universitetindən biri olan Koreya Universitetinin magistraturasına tam təqaüdlə qəbul alıb.
AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə Xədicə Abdullazadə ilə əlaqə saxladıq.
X.Abdullazadə 2003-cü il Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində dünyaya gəlib. Orta təhsilini Binəqədi rayon 297 saylı tam orta məktəbdə alıb. O, 2020-ci ildə Bakı Mühəndislik Universitetində Kimya müəllimliyi (tədris ingilis dili üzrə) ixtisası üzrə təhsil alıb.
Xədicə Abdullazadə təəssüratlarını bizimlə bölüşüb:
- İlk növbədə sizi bu münasibətlə təbrik edirik. Maraqlıdır, Koreyada təhsil almaq qərarına necə gəldiniz?
- Koreya Universiteti xarici nüfuzlu ali məktəblər sırasına daxildir. Bu ali məktəbin yalnız tədqiqat, araşdırma universiteti olması mənim üçün üstünlük idi. Əslində keçən il Koreyada BMU-nun Koreya "İNHA" Universitetində 1 semestr kimya mühəndisliyi ixtisası üzrə təhsil almışam. Bu ikili diplom mübadilə proqramı vasitəsilə həyata keçirilmişdi.
- Bəs, Koreyada magistratura təhsili almaq üçün hara müraciət etmişdiniz?
- Mən səfirliyə müraciət etdim və seçimim 3 universitet üzrə oldu. 2 universitetə qəbul almışdım, amma istədiyim Koreya Universitetindən gec xəbər gəldi. Ona görə də həmin ali məktəbə qəbul olduğumu öyrənən zaman əlim-ayağım bir-birinə dolandı. Hətta oturub ağlamağa başladım. Anam həmin vaxt məni qucaqlayıb təbrik etdi. Əslində qəbul olacağımı az-çox bilirdim, sadəcə o an nəticələrimin gəlməsini gözləmək çox gərgin idi. Nəticələrimə eşidən zaman hədsiz sevindim.
- Ailəniz Koreyada təhsil almaq istəyinizi necə qarşıladı?
- Ailəm mənə hər zaman dəstək olub. Düzdür, anam nisbətən xaricə getməyimə üzülür. Ona görə də ən çox anama bu məsələ çətin gəlir. Lakin buna baxmayaraq bu xəbərə çox sevindilər. 1 il də olsa, Koreyada təhsil aldığım üçün oranın necə təhlükəsiz olduğundan ailəmin xəbəri var.
- Gələcəkdə karyeranızla bağlı hansı planlarınız var?
- Uşaqlıqdan bəri həmişə Kimya müəllimi olmaq arzum olub. Mən 617 balla ali məktəbə qəbul oldum. Bu balla demək olar ki, IV ixtisas qrupu üzrə istənilən ali məktəbə və ixtisasa qəbul oluna bilərdim. Lakin arzum müəllim olmaq idi. Sadəcə müəllimlik elə bir ixtisasdır ki, tək bakalavr səviyyəsini oxuyub bitirdikdən sonra magistratura üzrə genişləndirmək üçün elə də prespektivli deyil. Ona görə də kimya mühəndisliyini seçdim, amma gələcəkdə fəaliyyətimə müəllim kimi davam etdirmək niyyətindəyəm.
- Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyəniz nə olardı?
- Əgər xaricdə təhsil almaq istəyirlərsə, bunu əvvəlcədən qərarlaşdırmalıdırlar. Yəni IV kursun sonunda “mən xaricdə oxumaq istəyirəm”,- deyib qərar vermək çox yalnış olar. Əsas məsələlərdən biri də ingilis dili biliyi üzrə səviyyəni formalaşdırmaqdır. Həmçinin oxumaq istədikləri ali məktəbi yaxşı araşdırmalıdırlar.