Azedu.az

Qiyabi təhsil forması bütün ixtisaslar üzrə ləğv edilməməlidir

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Müsahibə

20 Avqust 2024, 16:26
Qiyabi təhsil forması bütün ixtisaslar üzrə ləğv edilməməlidir

Xəbər verdiyimiz kimi, 2024/2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinə mühəndislik ixtisasları üzrə qiyabi təhsilma formasında tələbə qəbulu nəzərdə tutulmayıb. Belə ki, cari tədris ilində pedaqoji, tibb və mühəndislik ixtisasları üzrə tələbə qəbulu yalnız əyani təhsilalma forması üzrə aparılacaq. 

 

Bu sahələrə aid ixtisaslar üzrə qiyabi təhsilalma formasında tələbə qəbulunun həyata keçirilməməsində əsas məqsəd kadr hazırlığının keyfiyyətinin artırılmasıdır.

 

Bəs, görəsən, həmin ixtisaslar üzrə qiyabi təhsilalma formasının olmaması kadr hazırlığının keyfiyyətinin artırılmasına necə göstərəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, bəzi ölkələrdə hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsilalma forması belə mövcud deyil:

 

“Bu dünya təcrübəsində də belədir. Belə ki, tibb sahəsi üzrə təhsil əyani formada həyata keçirilir. Demək olar ki, dünyanın müxtəlif ölkələrində tibb ixtisası üzrə qiyabi təhsil forması yoxdur. Bu proses illərdir ki, Azərbaycanda da davam edir.

 

Hətta bəzi ölkələrdə hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsilalma forması belə mövcud deyil. Əslində qiyabi və distant təhsil formasının ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə heç bir faydası yoxdur. Əgər təhsilin keyfiyyətinin artırılmasını istəyiriksə, bunu yalnız əyani təhsil forması ilə əldə edə bilərik. Müqayisə etdikdə görərik ki, kadrların peşəkar hazırlığı eləcə də gələcək təhsilin inkişafında mühüm rol əyani təhsillə mümkündür.

 

Düşünürəm ki, qiyabi forması mümkün olmayan ixtisaslar sırasında İT ixtisasının da yer alması daha yaxşı olar. Lakin qeyd edirlər ki, İT elektronika sistemidir və bu sahədə qiyabi təhsil formasının olmamasının heç bir problemi yoxdur. Lakin bəzi mühəndislik ixtisasları üzrə qiyabi təhsilin olmaması ciddi problemlərə səbəb ola bilər”.

 

 

Ekspert qeyd edib ki, əyani təhsil forması təhsilin inkişafı üçün daha faydalıdır:

 

“Məsələn, inşaat mühəndisliyi ixtisasının qiyabi təhsil forması üzrə ilə əyani formada həyata keçirilməsi arasında yerlə göy qədər fərq var.Çünki inşaat mühəndisliyi ixtisası üzrə təcrübə proqramı var.

 

Tələbələr həmin təcrübə proqramında iştirak etməklə müəyyən praktiki məlumatları əldə etmiş olurlar. Bu isə qiyabi formada deyil, əyani təhsildə mümkündür.

 

Düşünürəm ki, əyani təhsil forması təhsilin inkişafında faydalıdır. Lakin qiyabi təhsil formanı bütün mühəndislik ixtisaslarından yığışdırılmasını doğru hesab etmirəm. Niyə? Çünki dünya təhsil sistemi artıq distant təhsilə keçir. Lakin bizdə isə distant təhsil forması yoxdur”.

 

Həmsöhbətimiz vurğulayıb ki, distant təhsil formasının olmaması 2-ci ali təhsil alanlara mənfi təsir göstərəcək:

 

“Distant təhsil formasının olmaması, həmçinin qiyabi təhsil formasında da bu məhdudiyyətlər qoymaqla bəzi 2-ci ali təhsil alanlara mənfi təsir göstərəcək. Həmin şəxslərin təhsil almasında müəyyən problemlər yaranacaq.

 

Lakin dünya təcrübəsində yalnız tibb təhsilinin qiyabi formada həyata keçirilməsinə icazə verilmir, digər ixtisaslar üzrə qiyabi təhsil forması var. Həm qiyabi, həm də distant təhsil forması olmadığı təqdirdə artıq bu problem həmin vətəndaşların təhsil almalarına ciddi təsir edəcək.

 

Əyani təhsil formasının axşam saatlarında həyata keçirilməsi işləyən vətəndaşlar üçün yaxşı fürsətdir. Ona görə ki, həmin vətəndaşlar işləmələrinə baxmayaraq rahat şəkildə təhsil alırlar.

 

Hesab edirəm ki, əyani təhsil formasının vaxtının dəyişdirilməsi daha yaxşı olar. Yaxud da qiyabi təhsil forma mühəndisliyin bütün ixtisasları üzrə ləğv edilməməlidir”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox