Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya-Azərbaycan birgə Universitetinin yaradılması müzakirə olunub.
Belə ki, Azərbaycan Prezidenti bu ideyanı dəstəkləyib.
Bəs, görəsən, yeni yaradılan universitetin Rusiya-Azərbaycan təhsil sistemininə təsiri necə olacaq?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Musa Quliyevin sözlərinə görə, Rusiya və Azərbaycan arasında yüzillikləri əhatə edən dərin əlaqələr var:
“Rusiya məkanı Azərbaycan üçün yad bir məkan deyil. İstər Sovet hökumətinə qədər, istərsə də Postsovet dövründə 2 milyona yaxın Azərbaycanlı Rusiyada yaşayıb və orada işləyiblər. Hesab edirəm ki, stratejli əməkdaşlıq səviyyəsində iki dövlət arasında əlaqələrimiz kifayət qədər yüksək səviyyədədir.
Cənab Vladimir Putinin ölkəmizə səfəri bu əlaqələrin daha da inkişaf etdirilməsinə, o cümlədən regionda sülhün və əməkdaşlığın bərqərar olmasına müsbət töhfəsini verəcəkdir.
Konfransda səslənilən fikirlərdən də biri Rusiya-Azərbaycan Universitetinin birgə yaradılmasıdır. Bu fikri dəstəkləyirəm və hesab edirəm ki, bu olduqca faydalı olacaq”.
Deputat qeyd edib ki, bu ali məktəbin yaradılmasının bir sıra müsbət tərəfləri var:
“Birincisi, müxtəlif ölkələrin təhsil mühiti ilə yaxından təmasda olmaq bizim ölkəmizin gəncləri üçün böyük təcrübədir. Eyni zamanda gənclərin gələcək həyatını daha yaxşı şəkildə qurması üçün bir şansdır.
İkinci səbəbdən Rusiyanın mühiti kifayət qədər tanınmış bir mühitdir. Uzun illər Rusiyanın elmi təcrübəsi dünyada yayılıb və qabaqcıl təcrübə kimi istifadə edilir. Digər tərəfdən Rusiya böyük bir əmək bazarıdır və bu universiteti bitirən tələbələrin bir çoxu Rusiyanın müxtəlif aparıcı şirkətlərində fəaliyyət göstərə biləcəklər”.
Həmsöhbətimiz belə bir ali məktəbin açılmasının həm Azərbaycan elmi və təhsil mühitinə, həm də Rusiyanın elmi təhsil mühitinə öz faydasını verəcəyini vurğulayıb:
“Onu da qeyd edim ki, Rusiyanın artıq iki universitetinin Azərbaycanda filialı vardır. Rusiya prezidentinin söylədiyi kimi, “ 8 minə yaxın azərbaycanlı Rusiyada ali təhsil alır və ya təhsilin müxtəlif pillələrində öz biliklərini artırırlar”. Bu mənada belə bir ali məktəbin açılması həm Azərbaycanın, həm də Rusiyanın elm və təhsil mühitinə öz faydasını verəcəkdir.
Heç şübhəsiz ki, universitetin açılması həm də elmi əməkdaşlığında genişlənməsinə səbəb olacaqdır. Ona görə də düşünürəm ki, gənclərimiz üçün bu universitet olduqca faydalı olacaq və əmək bazarının daha da genişlənməsinə gətirib çıxaracaqdır”,- deyə deputat fikrini tamamlayıb.