“Hesab edirəm ki, tarixi zəfərimizin adını daşıyacaq Zəfər Universiteti inşa edilməlidir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor vurğulayıb ki, tədrisin əsas məqsədi tarixi hadisəni yaşatmaqdır:
“Türkiyə, Amerika eləcə də digər ölkələrdə baş vermiş müəyyən tarixi hadisənin adı ilə bağlı universitetlər tədris olunur. Bu tədrisin əsas məqsədi həmin tarixi hadisəni yaşatmaqdır. Ona görə də hesab edirəm ki, tarixi zəfərimizin adını daşıyacaq Zəfər Universiteti inşa edilməlidir. Hətta düşünürəm ki, bu ali məktəbin elə Zəfər parkının yanında ucaldılması daha məqsədəuyğundur.
Zəfər Universiteti Azərbaycanın uğuru, bütün hərbi siyasəti və doktarinası həmçinin bütün fəaliyyəti ilə bağlı yəni iqtisadi, hərbi sahələrdə əldə edilmiş uğurların nəticəsinə görə tədqiqat işlərində öndə ola bilər. Zəfər Universiteti Azərbaycanda zəfərə yönəlmiş ali məktəb olmalıdır. Çünki burada təhsil alan şəxs zəfər ruhunda inkişaf edəcək”.
Z.Məmmədov bu ali məktəbdə oxumağa daha çox üstünlük verənlərin olduğunu söyləyib:
“Bu universitetdə xüsusilə hərbi sənaye kompleksinin inkişafı ilə bağlı hərbi iqtisadiyyatın geniş şəkildə inkişaf etdirilməsi çox vacibdir. Biz bu gün Rusiya-Ukrayna müharibəsində hərbi iqtisadiyyata nə qədər böyük ehtiyacın olduğunu görürürk.
Zəfər Universitetinin tamamilə yeni, sıfırdan qurulması ilə böyük uğura imza ata biləcək səviyyəsinə yüksələcəyindən əminəm. Xaricdə oxumağı seçənlər artıq bu ali məktəbdə oxumağa daha çox üstünlük verəcəklər. Düşünürəm ki, insanların xarici ölkədə axtardığı təhsil və təcrübəni bu universitetdə əldə etmək şansları olacaq”.