Xəbər verdiyimiz kimi, yeni qərara əsasən “2022–2026-cı illər üçün xaricdə təhsillə bağlı Dövlət Proqramı”nın müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib.
Belə ki, hər il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrin sayı 400-dən 500-ə qaldırılıb, eləcə də namizədlər Dövlət Proqramı çərçivəsində ali təhsilin bakalavriat, magistratura səviyyələri ilə yanaşı, doktorantura səviyyəsi üzrə də xaricdə təhsil ala biləcəklər.
Bəs, görəsən, beynəlxalq təcrübədən yararlanmış gənclərin ölkəmizə hansı faydaları ola bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, istedadlı gənclərin xaricdə təhsili ona görə çox vacibdir ki, gənc alim vətənə dönəndə yeni, aktual elmi mövzu ilə qayıdar və ölkəmizdə yeni bir elm sahəsinin bünövrəsin qoyar:
“İlk növbədə qeyd edim ki, istər Dövlət Proqramını müddətinin uzadılması, istər tələbələrin sayinin 500-ə qaldırılması, istərsə də ali təhsilin bakalavriat, magistratura səviyyələri ilə yanaşı, doktorantura səviyyəsi üzrə də xaricdə təhsil ala bilməsi çox zəruri və əhəmiyyətlidir. Bu proqram üzrə təhsil almaq yüksək texnologiyanın sirrini öyrənməyin ən mükəmməl yoludur. Ancaq burada bir necə məqama ciddi şəkildə diqqət etmək lazımdır. Bu haqda fikirlərimi zaman zaman mətbuat vasitəsi ilə bildirmişəm. Hər halda bilmək lazımdır ki, xaricə təhsil almağa getmək, qısa müddətli gəzintiyə getmək deyildir. Təhlükəli məqamlar da ola bilər.
Doktorantların və gənc alimlərin təhsil almaq üçün xaricə top universitetlərə göndərilməsi çox əhəmiyyətlidir. Talantlı gənclərin xaricdə təhsili ona görə çox vacibdir ki, gənc alim vətənə dönəndə yeni, aktual elmi mövzu ilə qayıdıb ölkəmizdə yeni bir elm sahəsinin bünövrəsin qoymuş olar.
Magistrların da xaricdə təhsili çox vacibdir. Belə ki, onlar ölkəmizi,onun mədəniyyətini, azərbaycan həqiqətlərini xaricdə yayar və yeni elmi mühitlə tanış olub, təhsil aldığı top ali məktəbi doğma universiteti ilə müqayisə edərək qabaqcıl universitetlərin elmi ənənələrini ölkəmizə gətirər.
Bakalavriatların xaricdə təhsili ehtiyatlılıq tələb edir. Bakıdan və ya rayonlardan birbaşa xaricə təhsilə göndərmək bəzi istisnalarla arzu olunmazdır”.
Professor gənclərin ölkə universitetlərində bakalavr səviyyədə təhsil almasının daha düzgün yol olduğunu vurğulayıb:
“Çünki Bakıda bu səviyyədə təhsili alan gənc bir tərəfdən ali təhsil alır, digər tərəfdən milli mədəniyyətimizi mənimsəyir. Bakının muzeyləri, teatrları, konsert zalları və digər mədəniyyət mərkəzlərini ziyarət etməklə onlar dörd-beş ilə vətənpərvərləşirlər. Bu mövzu ilə bağlı məqalələrimin birində yazmışdım: “gəlin əvvəlcə gənclərimizi milliləşdirək, sonra beynəlmilləşdirək”.
Sonda bu addımı yüksək qiymətləndirirəm. Çünki gənclərimizin yüksək texnologiyanın sirlərini öyrənməyin başqa yolu yoxdur. Nümunələr əsasında faydaları çox olacağına əminəm.
Dəyərli dostum prof. H.M.Paşayev də zamanında xaricdə təhsil alıb, indi şöhrətli ADA universitetin rektorudur. Digər dostum Məhəmməd Əliyev ölkəmizi səfir kimi bir neçə ölkədə təmsil edib. Hətta, özüm də xaricdə bir illik təhsil almışam. Təhsil sahəsində Türkiyənin 100-150 illik təcrübəsi var. Onları da öyrənmək faydalı olardı”,- deyə fikrini yekunlaşdırıb.