Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərə müraciət edib.
AzEdu.az xəbər verir ki, Ş.Bayramov bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.
Rektor abituriyentləri Qarabağ Universitetində təhsil almağa səsləyib:
"Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə ixtisas seçiminə start verilir. Siz, həyatınızın yeni mərhələsinin astanasındasınız. Gələcək həyat yolunuzu tələbəlik illərində qazandığınız bilik, bacarıq və təcrübələr müəyyən edəcəkdir. Hər birinizi Möhtərəm Prezidentimiz tərəfindən yaradılmış Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansını dəyərləndirməyə çağırırıq.
Müasir infrastrukturu, yeni akademik məzmunu və peşəkar heyəti olan Qarabağ Universiteti Sizə keyfiyyətli ali təhsil xidmətləri, fərdi inkişaf imkanları, məzmunlu tələbə həyatı və maraqlı sosial fəaliyyətlər vəd edir.
Əmin ola bilərsiniz ki, yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş yetişdirməyi hədəfləyən Qarabağ Universiteti qısa müddətdə nüfuzlu elm və təhsil mərkəzlərindən birinə çevriləcəkdir".