II və III qruplar üzrə 2-ci dəfə qəbul imtahanı həyata keçirilib. Abituriyentlərin bəziləri imtahanın asan olduğunu bildirdiyi halda, bəziləri çətin olduğu qənaətindədirlər.
Bəs, görəsən, qeyd edilən çətinlik keçid ballarına necə təsir edəcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə sualların çətinlik səviyyəsi 3-cü ixtisas qrupunda daha çox özünü büruzə verib:
"Qəbul imtahanında 47520 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların buraxılış və eləcə də I cəhd blok nəticəsi də ləğv edilmiş sayılır.
Sualların çətinlik səviyyəsi 3-cü ixtisas qrupunda daha çox özünü göstərib. Xüsusi ilə də ədəbiyyatda qarışıq tipli suallar yer alıb. Azərbaycan dili üzrə təqdim edilmiş sualların çətinlik səviyyəsi yüksək olmasa da, daha çox vaxt tələb edirdi”.
Ekspert ümumilikdə, II cəhdin I cəhdlə müqayisədə nisbətən çətin olduğunu qeyd edib:
“Abituriyentlər daha çox tarix suallarından razı görünürdülər. Ümumilikdə, II cəhd ilk cəhdə nisbətən az miqdarda çətin qiymətləndirilə bilər.
2-ci qrupdakı fənlərin suallarının çətinliyi l cəhddən kəskin fərqlənmirdi.
I cəhdin nəticələrinə əsaslansaq, yüksək bal toplayanların sayı kifayət qədərdir. Bu da ona əsas verir ki, prestiji universitetlərdə və ixtisaslarda keçid ballarında az da olsa artım gözlənilə bilər”,- deyə ekspert fikrini yekunlaşdırıb.