Fevralın 19-da magistraturaya keçirilmiş qəbul imtahanında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Nihad Rasim oğlu Zeynallı maksimal nəticə (100 bal) göstərib.
AzEdu.az-a müsahibə verən Nihad Zeynallı böyük uğurunun ona gətirdiyi hislər, hazırlıq müddətində qarşılaşdıqları çətinliklər və gələcək hədəflərindən danışdı.
- Magistraturaya maksimal balla qəbul olunmağı necə qarşıladınız?
- İmtahandan çıxanda hər kəsdə təqribən nə qədər bal toplayacağı ilə bağlı düşüncə formalaşır. Mən də imtahan zalını tərk edəndə 99-100 bal toplayacağımı gözləyirdim. İmtahan vaxtı heç bir texniki səhvə yol verməməyə çalışırdım. Toplayacağım bal ilə əlaqəli narahatlığım yox idi. Hazırlıqla bağlı çəkdiyim əziyyəti nəzərə alaraq, imtahanda hər bir sualı xüsusi diqqətlə cavabladım. Maksimum nəticə göstərməyi gözləyirdim. Çox sevinirəm.
- Sualların çətinlik səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Ümumi çətinlik səviyyəsi ötən illərlə müqayisədə bərabər paylanmışdı. İnformatika fənninə aid sualların tamamilə asan olduğunu düşünürəm. İngilis dili və məntiq bir qədər çətin idi. Ümumən çətin suallar üstünlük təşkil etmirdi.
- Dil bilikləriniz hansı səviyyədədir?
- VIII sinifdən XI sinifə qədər Bakı Oksford Məktəbinin Şəmkir filialında təhsil almışam. İngilis dilindən fundamental biliyimin buna borclu olduğunu düşünürəm. Orada eyni zamanda fransız dilini müəyyən qədər öyrənmişəm. Fransız dilini mükəmməlləşdirdikdən sonra alman dili üzərində işləməyi planlaşdırmışam. Bundan əlavə deyə bilərəm ki, təkcə imtahanlara hazırlaşmaq yox, eyni zamanda dünyagörüşümü artırmağa da önəm vermişəm.
- Belə savadla nə üçün təhsilinizi xaricdə davam etdirmək haqda düşünməmisiniz?
- Təhsil üçün xarici ölkələrə getmək haqqında düşünmüşdüm. Hələ bakalavr təhsili üçün belə bir planım vardı. Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr təhsili almışam. UNEC-in ikili diplom şansından yararlanaraq,2020-ci ildə İsveçrəyə qəbul olunmuşdum. Təəssüflər olsun ki, pandemiya səbəbi ilə İsveçrəyə gedə bilmədim.
- Magistratura pilləsi üzrə ali təhsili hansı universitetdə almaq istəyirsiniz?
- Seçimim yəqin ki, İqtisadid Universiteti istiqamətində olacaq. Öz ixtisasım üzrə - mühasibat uçotu və audit üzrə davam edəcəm.
- İxtisasınızla bağlı gələcək planlarınız var?
- Hazırda PWC Azərbaycan şirkətində auditor vəzifəsində çalışıram. Gələcəkdə özümü bu sahədə ixtisaslaşmış biri kimi görürəm.
- Bildiyimiz qədər həm işləyib, həm də magistraturaya hazırlaşmısınız. Yəqin ki, sizin üçün həm işləmək, həm də imtahana hazırlaşmaq çətin idi...
- Sözün əsl mənasında çox çətin idi. IV kurs olduğum üçün yanvara kimi universitet dərslərində də iştirak etdim. Eyni zamanda həm işləyir, həm də kursa gedirdim. İşdən çıxıb universitetə, daha sonra kursa getmək, təbii ki, olduqca yorucu idi.
- Uğurunuzun təməlində hansı çalışma üsulu dayanır?
- Məncə, hər şeyin kökündə sistemli çalışmaq, planlı hazırlaşmaq durur. Əlavə olaraq, kursdan və iş yerimdən oldquca böyük dəstək görürdüm. Mənim üçün böyük motivasiya idi, hər birinə təşəkkür edirəm. Çətin keçən 5 ay üçün əsas motivasiya qaynağım olan bir sitatı özümə “motto” götürmüşdüm: “Oxumağın əziyyəti bir müddətlikdir. Oxumamağın əziyyəti isə ömürlükdür”.
Ona görə də bu 5 aylıq müddətdə yorucu olsa belə, qələmi yerə qoymadan davam etdim.
- Sosial həyatınıza da zaman ayıra bilirdiniz?
- Hazırlıq müddətində sosial əyləncələri, hətta kitab oxumağı minimuma endirməyə çalışdım. Sosial şəbəkələrdə demək olar ki, vaxt keçirmirdim. Sosial əyləncələrə itirəcəyim vaxtı dincəlməyə sərf edirdim. Bacardıqca idman etməyə çalışırdım. Çünki düşünürdüm ki, bu qədər yükün qarşısında bədən sağlam olmalıdır.
Qeyd edək ki, Nihad ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanınında 100 bal toplayan yeganə bakalavr olub.
Onu bu münasibətlə təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.