“Ötən il daha çox ingilis dili fənnindən dinləmə mətnləri ilə bağlı şikayətlər olub. Bakalavrlar hər iki imtahanın ümumilikdə normal keçdiyini bildirirdilər. Amma ingilis dili ilə bağlı birinci şans imtahanında narazılıqlar var idi”.
Bunu AzEdu.az-a təhsil eksperti Elçin Əfəndi ötən il magistr imtahanlarında ən çox narazılıq yaradan detallarla bağlı danışarkən qeyd edib. O, açıqlamasında ikinci şans imtahanının əlavə üstünlük olduğunu bildirib:
“Ümumi imtahanda məntiq, informatika deyil, dinləmə mətnləri ilə bağlı problemlər daha çox idi. Ümumi qəbul prosesi ilə bağlı narazılıqlar çox yüksək deyildi.
Bakalavrların bir çoxu ikinci şansın verilməsini əlavə üstünlük qəbul edirdilər. Çünki birinci şans imtahanında zəif göstəricisi olanlar ikinci şans imtahanında ballarını yüksəldə bilirdilər”.
Elçin Əfəndi imtahan sistemində dəyişiklik nəzərdə tutulmadığını da bildirdi:
“Magistraturada son dəyişiklik 2021-ci ildə baş verib. Həmin ildən etibarən imtahanlar ikinci şans ilə keçirilməyə başlandı. Əvvəlki dövrdən fərqli olaraq ixtisas fənnindən imtahan verilməsi ləğv olundu. Yalnız bir mərhələdən ibarət, amma iki şans olmaqla imtahanlar keçirilir və 100 ballıq sistemlə qiymətləndirilir.
Düşünmürəm ki, yaxın vaxtlar ərzində hər hansı bir dəyişiklik olsun. Hələki bu formatda imtahanların keçirilməsi nəzərdə tutulur. Yəni, 3 fənn və fənlərdə hesablandıqda 50 bal məntiq, 25 bal informatika və 25 bal ingilis dili”.
İlahə İlyas