“Gələcəkdə qəbulun formatı dəyişə bilər. Təxminən, 2-3 il sonra biz tamamilə yeni bir qəbul prosesini müşahidə edəcəyik”.
AzEdu.az xəbər verir ki, bunu qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi AzEdu Təhsil Portalı və Bələdçi Tədris Mərkəzinin ortaq məhsulu olan “İnformatika bələdçisi” kitablar toplusunun müzakirəsi zamanı qeyd edib.
Mütəxəssis təhsil müəssisələrində informatika fənninin tədrisi, təhsilverənlərin bu istiqamətdə bacarıqlarınının yetərliyi məsələsinə diqqət çəkib:
“I ixtisas qrupuna İnformatika fənninin əlavəsi vacib idi. Məsələn, biz hazırda II ixtisas qrupu üzrə mühasibat uçotu ixtisasına marağın azaldığını görürük. Çünki informasiya texnologiyalarının inkişafı bu istiqamətləri sıradan çıxarır. Bu gün bizim İT sahəsində mütəxəssislərin formalaşmasına ehtiyacımız var. Ümumitəhsil məktəblərində informatika müəllimləri öz sahələri üzrə müəyyən bilik və bacarıqlara sahibdirlər. Təxminən bir müddət öncə kollec rəhbərləri ilə görüşmüşdüm. Bu təhsil müəssisələrində çalışanların bir qismi sadə slayd hazırlamaqda belə çətinlik çəkirlər, PowerPoint proqramından istifadə edə bilmirlər. Müəssisələr ağıllı lövhələrlə təmin edilir, amma bu lövhələrdən istifadə etməyi bacarmırlar. 4 440-dan çox ümumtəhsil müəssisəsi var. Onların hər birini gedib araşdırsaq, məsələn, hər 20 müəllimdən 3-5-ni çıxmaqla, qalanları informasiya qıtlığı çəkir. Elm və Təhsil Nazirliyi təhsilverənlər üçün çox sayda təlimlər keçirir, amma çifayda, ortada nəticə yoxdur”.
O, İT sahəsinə diqqətin daha da artacağını, amma daha keyfiyyətli tədris üçün vəsait probleminin mövcud olduğunu bildirib:
“Bu il qəbul zamanı əsas maraq da informasiya texnologiyaları sahəsinə oldu və bu da ixtisas qrupları üzrə keçid ballarına öz təsirini göstərdi. Bu sahəyə axın davam edəcək, amma təəssüf ki, körtəbii formadadır. 200 bal toplayan abituriyent də bu sahəni seçir və İT mütəxəssisi olmaq istədiyini deyir, halbuki 200-250 bal İT sahəsi üzrə mütəxəssis olmaq üçün kifayət etmir. Abituriyentin riyazi biliyi lazımı səviyyədə deyilsə, o necə İT mütəxəssisi ola bilər? Bu səbəblə də informatika fənninin 5-11-ci siniflər üzrə tədrisinə ciddi diqqət edilməli, proqramı yenidən hazırlanmalıdır. Doğrudur DİM və nazirliyin müvafiq işçi qrupu da bu istiqamətdə çalışırlar. DİM elə bununla bağlı vəsait nəşr etdi və həmin kitab artıq bitib. Orada müəyyən texniki xətalar da var, onun üzərində iş gedir. Yəqin ki, yaxın günlərdə təkrar nəşr olunacaq. Amma bu nəşr də Azərbaycan bölməsi üzrədir, rus bölməsi üzrə ümumiyyətlə yoxdur. Onun da hazırlanması nəzərdə tutulub, amma hansı zaman üçün planlaşdırıldığı məlum deyil”.
“Düşünürəm ki, İT istiqaməti üzrə bu il formalaşan balla növbəti il enəcək. Məsələ ondadır ki, həqiqətən də informatika üzrə abituriyentlərin bacarıqları müəllimlərdən daha yaxşıdır, amma tam bizim istədiyimiz səviyyədə deyillər. Hazırda tədrisin keyfiyyətli aparılması üçün müəllimlərimizin əlində ideal vəsait yoxdur. Növbəti il də informasiya texnologiyaları istiqamətinə axın müşahidə olunacaq. Nəticədə digər alt qrupları üzrə plan yerləri boş qalacaq, qeyd edilən ixtisaslar üzrə isə keçid balları enəcək”-deyə, mütəxəssis bildirib.