Azərbaycan universitetlərində Azərbaycan dili ilə yanaşı, bəzi fakültələrdə digər dillərdə də təhsil mövcuddur. Son illər gənclər ingilis dilini normal səviyyədə bildikləri üçün elə bu dildə oxumağa üstünlük verirlər. Tələbələr vurğulayır ki, ingilis bölməsində təhsil digərlərinə nisbətən, daha çətin olur. Bu da təbii ki, hər gün bu dildə danışmağa, düşünməyə görə istiqamətləndiklərinə görədir. Bəs ingilis sektorlarında müəllimlərin azərbaycanlı və ya ingilis olması təhsilin keyfiyyətinə necə təsir edir?
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı AzEdu.az-a açıqlaması zamanı bildirib ki, universitetlərdə ingilis dili sektorlarında həm ingilis dili ölkələrdən, həm də azərbaycanlı müəllimlər işləyirlər:
“Birinci, Azərbaycan universitetlərində işləyənlərin əksəriyyəti, təbii ki, azərbaycanlı müəllimlər olmalıdır. Xaricilərin də olması müəyyən dərəcədə məsləhətdir, çünki onlar dilin daşıyıcılarıdır. Amma bu sektorlarda işləyən azərbaycanlı müəllimlərdən əsasən, xaricdə təhsil alan, dil bilən, dünyagörüşü olanlar seçilirlər. Azərbaycan universitetlərində, şübhəsiz ki, ingilis dilli sektorlarda azərbaycanlı müəllimlər üstünlük təşkil edirlər. Xəzər Universiteti Mühəndislik fakültəsində xarici müəllimlər daha çoxdur. Burada tək dildən söhbət getmir, əcnəbi müəllimlərin çoxluğu fakültələrə görə dəyişə bilər. Texnoloji sahələrdə bizdə yaxşı mütəxəssis tapmaq çətindir, ona görə də xaricdən yaxşı mütəxəssis dəvət etməyə məcburuq”.
Hamlet müəllim əlavə edib ki, elm elədir ki, heç bir ölkə ancaq öz qüvvəsiylə bunu təmin edə bilməz:
“Dünya elmidir və hər ölkədə müxtəlif yerlərdən alimlər çalışırlar. Təbii ki, əksəriyyət öz ölkəsinin vətəndaşları olurlar. Keyfiyyətə gəlincə isə azərbaycanlı və ya əcnəbi müəllimlərin olmasının fərqi yoxdur. Bu, müəllimin elmi səviyyəsinə,məsuliyyətinə, biliyinə bağlıdır, yəni yerdən asılı deyil”.