“Ali məktəb müəllimləri tələbələrin qiymətlərini aşağı salaraq onlardan pul tələb edirdilər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera məsələləri üzrə mütəxəssis Adil Vəliyev deyib.
Belə ki, son günlər Bakı Dövlət Universitetinin müəlliminin rüşvət alması məsələsi təhsil gündəminin əsas mövzularından biridir.
Lakin hazırda bir sıra universitetlərdə rektorlar rüşvətin qarşısının alınması istiqamətində tədbirlər görürlər.
Adil Vəliyevin fikrincə, bəzi universitetlər rüşvətin qarşısını alıb:
“Düşünürəm ki, ölkədə rüşvətin qarşısını alan əsas şəxslər Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyev, UNEC-in rektoru Ədalət Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdır.
Ali məktəb müəllimləri adətən rüşvəti oxumayan tələbələrdən alır və bunun qarşılığında onlara qiymət yazırdılar. Bəzi hallarda isə savadlı tələbələrin qiymətlərini kəsib, onlardan pul tələb edirdilər. Sonra isə rektorlar həmin müəllim vəzifələrinə vicdanlı və rüşvətdən uzaq olan şəxsləri təyin etdilər.
Bir təhsil müəssisəsində illərlə rüşvət faktı qeydə alınırsa, bunun tək səbəbkarı müəllim deyil. Çünki həmin təhsil işçisindən də bunu tələb edən şəxslər olur. Ona görə də rüşvət alan müəllim və digər təhsil işçiləri qanun qarşısında cavab verməlidilər”.
O, rüşvəti yığışdıran ali məktəblərin hazırki vəziyyətindən söz açıb:
“Müşahidələrimə əsasən, deyə bilərəm ki, rüşvət yığışdırılan universitetlərdə hazırda olan təhsil göstəriciləri əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Çünki rüşvət alınan dövrlərdə tələbələr çətin saydıqları fənləri, ixtisasları oxumadan pul qarşılığında məqbul qiymət alırdılar.
Hazırda isə belə hallar yaşanmadığı üçün oxumağa məcbur olurlar. Bu, da tələbələrin yüksək biliklər alaraq savadlanmasına gətirib çıxarır. Onlar bunu bilməsələr belə, bu hal tələbələrin gələcək inkişafına yüksək təsir göstərəcək.
Həmçinin universitetlər tələbələri məlumatlandırdılar ki, hansısa müəllim sizdən rüşvət istəsə və haqqınızı yesə bu zaman bizə müraciət edə bilərsiz. Sözsüz ki, burada sosial şəbəkələrin də böyük rolu oldu. Çünki hansısa neqativ hal olduqda sosial şəbəkələrdə bu, həmən yayılır”.