Artıq 2021-ci illə yanaşı, tədris ilinin ilk yarısı da yekunlaşır. Geridə qoyduğumuz il əsasən, COVİD-19 səbəbi ilə bir müddət distant olan təhsilin yenidən əyaniyə keçməsi ilə yadda qaldı.
Bununla yanaşı, təhsilin bütün pillələri üzrə bir sıra yeniliklər də həyata keçirildi.
Azərbaycan ali təhsil müəssisələri isə öz növbəsində bir sıra iki diplom proqamları, xarici və ölkədaxili universitetlərlə əməkdaşlıqlar, müəssisə daxilində müxtəlif istiqamətlərdə yeniliklərə imza atdılar. İl ərzində universitetlərlə yanaşı rektorların da fəaliyyəti ictimaiyyət tərəfindən maraqla izlənildi.
Bəs, 2021-ci il ərzində sizcə öz fəaliyyəti ilə xüsusi seçilən rektor kim oldu? Belə desək, ali təhsil müəssisələrindən hansının rəhbərini İlin rektoru adlandıra bilərik?
AzEdu.az bu istiqamətdə təhsil jurnalistləri və ekspertlərin fikirlərini təqdim edir:
Visiontv.az xəbər portalının redaktoru Orxan Kərimov universitetlər və rektorların media əməkdaşlığını qiymətləndirərək öz namizədini bildirib:
“Son vaxtlar bir çox universitetlər mətbuatla yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar. Onların fəaliyyətinin ictimaiyyətə operativ çatıdırılmasında həm rektordan, həmdə həmin təhsil müəssisəsinin mətbuat katibindən asılıdır. Düşünürəm, bu sahədə xeyli irəlləyişlər var. Çünki, universitetlər mütamadi olaraq məlumatlarını həm sosial mediada, həm də saytlarında dərc edərək ictimaiyyəti məlumatlandırırlar. Misal olaraq, AzTU, AzMİU, BDU, BMU, ATU qeyd edə bilərəm. Konkret olaraq isə götürsək Azərbaycan Texniki Universitetinin rektoru hörmətli Vilayət Vəliyevi ilin rektoru kimi görürəm. V.Vəliyev həm tələbələrə, həm icitmaiyyətə həm də KİV-ə hər zaman açıq olan rektor kimi tanıyıram. Yuxarıda qeyd etdiyim universitetlərin rektorları da həmçinin, İlin rektoruna layiqdirlər. Seçim olaraq isə AzTu-nun rektorunun fəaliyyətini yüksək qiymətləndirirəm”.
Modern İnformasiya Agentliyinin əməkdaşı Humay İsgəndərova bu ada BANM rektorunun uyğun olduğunu bildirərək təklifini əsaslandırıb:
“Məncə, Bakı Ali Neft Məkətbini rektoru Elmar Qasımov ilin rektoru seçilməlidir. Onun fəaliyyətinin göstəricisidir ki, bu il 33 prezident təqaüdçüsü məhz BANM-ı seçib. Tək bu il yox, hər il BANM-ı seçən xeyli sayda tələbə olur. Universitetə bu il daxil olan tələbələr belə Elmar Qasımovun onlara xüsusi diqqətindən, qayğısından söz açırlar. Elmar Qasımov tələbələr üçün əsl nümunəvi şərait yaradır. Bütün rektorlara fəaliyyətlərində uğurlar arzulayıram və tələbələrlə dost olmağı təklif edirəm”.
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil jurnalisti Niyazi Şərifsoy seçimin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov olduğunu bildirib.
Təhsil eksperti Elçin Əfəndi il ərzində universitetlər və rəhbərliklərin fəaliyyətini dəyərləndirərək öz namizədlərini sadalayıb:
“Ötən 2021-ci ilə baxıb ümumi fəaliyyətləri qiymətləndirərək birinci yerdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu qeyd edərdim. Sonra isə sıra ilə əlbəttə UNEC rektoru Ədalət Muradova, Xəzər Universitetinin rəhbərliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərlərinə üstünlük verərdim. Çünki bu şəxslər 2021-ci ildə görülən işlərlə universitetlərdə bir sıra uğurlar əldə ediblər. Buna BDU,ADPU və s. universitetlərin fəaliyyətlərində bir sıra ikili diplom proqramları, əməkdaşlıqları misal göstərə bilərik.Ümumi olaraq tələbələrin nəticələri, pedaqoji heyətlə iş, həmçinin, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq baxımından sadalanan rektorların fəallığının şahidi oluruq. Bu səbəblə seçimim yalnız bu ardıcıllıqladır. Sonrakı sıralarda isə tədricən ADNSU, BMU və .s ali təhsil müəssisələrinin adını çəkmək olar. Bütün bunlarla yanaşı Azərbaycan Texniki Universitetinin fəaliyyətini də vurğulamaq istəyirəm. Çünki universitet və rəhbərliyin gördüyü işlər təqdirəlayiqdir”.
Ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov bir neçə rektorun bu ada layiq olduğunu qeyd edib:
“Bir nəfərin adını çəkmək biraz çətin olar. Amma ən çox diqqətimi öz fəaliyyətləri ilə çəkən,müsbət mənada gündəmdə olan hörmətli UNEC rektoru Ədalət Muradov,Texniki Universitetin rektoru Vilayət Vəliyev və Aqrar Universitetinin rektoru İbrahim Cəfərovu qeyd edə bilərəm!”
Təhsil eksperti Adil Vəliyev, - “ Ədalət Muradov şəriksiz bu ilin rektorudur. Ancaq gələn il, fikrimcə, AzTU-nun rektoru Vilayət Vəliyev olacaq”-deyə bildirib.
AzEdu.az təhsil portalının əməkdaşı Şükufə Süleymanlı rektorların fəaliyyətləri ilə yanaşı sosial şəbəkələrdə və tələbələrin problemlərinin həllində aktivliklərini də dəyərləndirib:
“Düşünürəm ki, ilin ən aktiv rektorlarından biri Ədalət Muradovdur. Onun sosial mediada aktivliyi və UNEC-lə bağlı məlumatları operativ şəkildə çatdırması media üçün əlçatan olmasına zəmin yaradıb.Çox təəsüüf ki, biz bu aktivliyi bütün rektorlarda görə bilmirik. BANM rektoru Elmar Qasımovun da fəaliyyəti hər zaman göz qabağında olub. Mən tövsiyə edərdim ki, bütün rektorlar əlçatan olsun və tələblələrin problemlərinin həllini kömək etsinlər. Mən oxuduğum zaman rektora heç əlçatanlığımız yox idi. indi isə situasiya dəyişib. Ümid edirəm, rektorlar tələbələrlə daha yaxından ünsiyyətdə olarlar. Hamıya bol uğur dolu 2022 arzulayıram”.