Sentyabrın 29-u uzun müddət sonra ali təhsil müəssisələrində əyani tədris bərpa olundu.
Ancaq hazırki pandemiya şəraitində tələbə sayının çox olduğu bəzi universitetlərin giriş hissəsində izdiham müşahidə olunur.
Həmin universitetlər mətbuata açıqlamalarında yaranan sıxlığın giriş hissədə COVİD-19 pasportlarının yoxlanılması zamanı təbii olaraq müşahidə olunduğunu, tələbələrin valideynləri ilə birlikdə gəlməsini, ilk gün olduğu üçün sıxlıq yaranmasının normal olduğunu, daha sonra bu halların müşahidə edilməyəcəyi bildiriblər.
Bəs bu universitetlər nədə səhv edirlər? Bu sıxlığın aradan qaldırılması üçün nə kimi tədbir görmək olar?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov universitetlərin buna əvvəldən hazır olmalı olduğunu bildirirək problemin həlli üçün öz təklifini dilə gətirib:
“Universitetlər tədris ilinin başlamasına hazır olmalı idilər. Artıq sentyabrın əvvəlindən həmin təhsil müəssisələrində əyani tədrisə 29-u tarixində start veriləcəyi elan olunub. Sıxlığın yaranmaması üçün bütün təhsil müəssisələrində, o cümlədən də universitetlərdə bir neçə giriş-çıxış təmin olunmalıdır.Təhsil müəssisələrinin hər birində, həmçinin universitetlərdə yanğından mühafizə çıxışları var. Yəni təhsil müəssisələrinin sadəcə bir çıxış və girişi yoxdur. Belə fövqəladə vəziyyətlərdə növbəliliyin, sıxlığın yaranmaması, sosial məsafənin gözlənilməsi məqsədi ilə müəssisələr müxtəlif giriş və çıxışlardan istifadə etməlidirlər. Məsələn, müxtəlif kurs və ixtisaslar üzrə ayrı giriş-çıxış təmin etmək və bunu həmin zamanlarda tələbələrə elan etmək olar”.
Ekspert bildirib ki, elementar məqamlar nəzərə alınmadığına görə belə problemli situasiya yaranıb:
“Bu kimi vasitələrlə təhsil müəssisələrinə giriş-çıxışı rahat şəkildə təmin etmək olardı. Amma görünən odur ki, bunu etmək ağıllarına gəlməyib. Reallıq odur ki, əslində bu problem deyil. Sadəcə belə desək elementar məqəmlar nəzərə alınmadığına görə burada problemli situasiya yaranıb. Qısa müddətdə, elə günü sabahdan bütün ali təhsil müəssisələri, o cümlədən də ümumi təhsil məktəbləri sıxlığı aradan qaldırmaq, sosial məsafəni gözləmək məqsədi ilə bir neçə girişdən və çıxışdan istifadə etməldirlər. Beləliklə çox sadə şəkildə bu problem aradan qalxacaq”
Son olaraq ekspert,-“ Nəinki ali məktəblərdə, həmçinin bizim ümumi təhsil məktəblərimizdə də bu problem var”-deyə vurğulayıb.
Təhsil eksperti Elçin Əfəndi sıxlığın xüsusi ilə tələbələrin çox olduğu universitetlərdə müşahidə olunduğunu bildirərək bu problemin səbəblərini açıqlayıb:
“Bir il yarım sonra artıq tələbələr əyani dərslərə başladılar. Amma təəssüf ki, dərslərin ilk günü demək olar ki, universitetlərin əksəriyyətinin qarşısında sıxlıq yarandı. Daha çox böyük tələbə kontingentinə malik olan universitetlərdə biz bu problemi müşahidə etdik. Xüsusi ilə BDU,UNEC və ADNSU kimi böyük universitetlərdə giriş-çıxışın bir qapıdan təmin olunması tələbələr üçün böyük çətinlik yaratdı. Sıxlığın yaranmasının əsas səbəblərindən biri pandemiya ilə əlaqədar olaraq tələbələrdən koronavirus əleyhinə peyvənd pasportunun tələb olunması idi. Eyni zamanda digər bir məsələ də xüsusi ilə birinci kurs tələbələrinin yanında onların valideynlərinin, qohumlarının, yaxınlarının olmasıdır ki, bu da müəyyən qədər sıxlığa şərait yaratdı”.
Ekspert bu məsələdə həm universitet, həm də tələbələrin məsuliyyətli davranmalı olduğunu bildirərək problemin həlli üçün çıxış yollarından danışıb:
“Düşünürəm ki, qarşıdakı günlərdə də bu sıxlıq müşahidə olunacaq. Çünki tələbələrin universitetlə tanışlıq müddətində, azı iki həftə yaxınları da onlarla birlikdə universitetə gəlib-gedəcək. Bunun qarşısının alınması üçün universitetlər müvafiq olaraq ehtiyat qapıları da açmalı, mühafizə və yoxlanış prosesini həyata keçiriən şəxslərin sayını artırmalıdırlar. Bununla yanaşı hər bir tələbə evdən çıxdığı zaman şəxsiyyət vəsiqəsi, tələbə bileti, peyvənd pasportu kimi ondan tələb olunacaq sənədləri mütləq özü ilə götürməlidir. Doğrudur, birinci kurs tələbələri hələ ki, tələbə biletlərini əldə etməyiblər, ancaq tələb olunan digər sənədləri mütləq özləri ilə götürməlidirlər. Çünki əks təqdirdə bu da müəyyən qədər sıxlığın yaranmasına səbəb olur. Bütün bu problemlər, yaranan sıxlıq universitetlərin yerləşdiyi küçə və prospektlərdə nəqliyyatın iflic olmasına da gətirib çıxarır. Ona görə də bu kimi problemlərin qarşısını almaq üçün istər universitetlər, istərsə də tələbələr məsuliyyətli davranmalıdırlar”.
Ekspert son olaraq tələbələrin peyvənd pasportunun olub-olmaması haqqında məlumatların öncədən sistemləşdirilməsinin daha əlverişli olacağını vurğulayıb:
“Bir daha qeyd edim ki, vəziyyətdən yeganə çıxış yolu universitetlərin ehtiyat qapılarının açılması, mühafizə xidməti, yəni yoxlanış prosesini həyata keçirən şəxslərin sayının artırılmasıdır. Ən azı iki həftə müddətində bu qaydalara riayət olunmalıdır. Eyni zamanda tələbənin peyvənd pasportunun olub –olmaması haqqında məlumatın sistemləşdirilməsi arzuolunandır. Beləliklə bu yoxlanışı elektron formada həyata keçirmək daha əlverişli olacaq. Temperatur və sənədlərin girişdə tək-tək yoxlanılması əlavə vaxt itkisinə, nəticədə bu da sıxlığın yaranmasına səbəb olur”.