Bu il çox sayda tələbə Azərbaycan Universitetlərində öz təhsilini yüksək ortalama ilə başa vurdu.
Ancaq onlar arasından bir məzunumuz maksimum, 100 ÜOMG göstəricisi ilə fərqlənir.
Bu istedadlı gənc, bu il Azərbaycan Dövlət Aqrar Universitetini maksimum ortalama nəticə ilə bitirən Dinara Əliyevadır.
AzEdu.az təhsilini uğurla davam etdirən bu gənclə müsahibəni təqdim edir.
Əvvəlcə onu öz dilindən tanıyaq...
Əliyeva Dinarə, Gəncə şəhəri M.Hadi adına 10 saylı orta məktəbi bitirmişəm. Hazırda Gəncə şəhərində yaşayıram. 2017- ci ildə 576 balla ADAU-ya İqtidadiyyat ixtisasına qəbul olmuşam. Bu il magisturaturaya qəbul imtahanında 73 bal toplamışam.
Universitetə yüksək balla qəbul olmusuz. Bir az orta məktəb illəri və qəbul imtahanlarına hazırlıq prosesindən danışardız. Seçiminiz niyə məhz ADAU oldu?
-Orta məktəb vaxtı həmişə əlaçı olmuşam, ümumiyyətlə bütün təhsil həyatımda həmişə əlaçı olmuşam. Düşünürəm ki, yüksək bal toplamaq üçün 1- ci sinifdən bütün dərslərə intizamla hazır olmaq lazımdır. ADAU-nu seçməyimdə səbəb Gəncə şəhərimdə yaşamağım və son zamanlarda ADAU-da olan inkişaf olmuşdur.
Bakalavriat pilləsindən maksimum ortalama ilə məzun olmusuz. Bir az bu pillədə təhsil müddətinizdən danışardınız. Dərslərdə iştirakınız, imtahanlara hazırlıq prosesiniz necə idi?
-Dərslərə, imtahanlara həmişə hazırlıqlı olmuşam yenə deyirəm davamlı və intizamlı çalışmaq uğur üçün önəmlidi. Nəticələrimdə, universitetimizdə olan yüksək təhsil və yüksək təhsilli müəllimlərimizin rolu çox böyükdür. Bütün müəllimlərimə minnətdarlığımı bildirirəm.
Magistratura pilləsi üzrə də qəbul imtahanlarında yüksək nəticə göstərmisiz. Dərslərlə paralel olaraq bu imtahana necə hazırlaşdız? Təhsilinizi bu pillə üzrə harada davam etdirəcəksiz?
-Magisturaturaya qəbul zamanı online dərslərdə həmişə intizamlı olaraq iştirak etmişəm. Bu pillə üzrə qəbul imtahanında 73 bal topladım. Magistraturada təhsilimi Gəncə Dövlət Univetsitetində, Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisasında davam etdirəcəyəm. Düzdür, imtahana hazırlıq biraz çətin oldu, ancaq əzm və oxumaq həvəsi ilə hər bir şey etmək mümkündür.
Maraqlıdır, uğurlu təhsil yoluna malik biri olaraq gələcək üçün nə kimi planlarınız var?
- Gələcək planım magistratura təhlisimi bitirib doktorantura pilləsinə qəbul olmaqdır. Daha sonra Dövlət qulluğu üzrə imtahan verib sertifikat almaq və yaxud vergi orqanlarına qəbul olmaq üçün imtahan vermək planım var.
Həm qəbulda, həm də bakalavriat səviyyəsində göstəriciləriniz təqdirəlayiqdir. Sizin kimi təhsilində uğur qazanmaq üçün çalışan abituriyent və bakalavrlara nə kimi tövsiyələriniz olardı?
-Bu sözlərə görə sizə çox təşəkkür edirəm. İbtidai sinifdən intizamlı təhsil önəmlidir. Bununla yanaşı əzm, oxumaq həvəsi olmalıdır. Ən çox da gələcəklərini düşünməli, öz həyatlarını qurmalıdırlar. Bunun üçün də yüksək səviyyədə təhsil önəmlidir. Ən əsası qızlara məsləhətim odur ki, yüksək təhsil alıb öz ayaqlarının üzərində durmağı bacarsınlar.