"Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında distant təhsilin ali təhsil formalarından biri kimi qəbul edilməsi təklif edilib.
Bu məsələ öz növbəsində bir neçə mövzunun həllinə də diqqət çəkir. Bu mövzulardan demək olar ki, ən başlıcası isə xarici universitetlərdə distant təhsil alan şəxslərin diplomlarının ölkəmizdə tanınmamasıdır. Buna baxmayaraq yeni təklif edilən qanun layihəsində bu mövzunun həlli ilə bağlı hər hansı bir addıma rast gəlmirik.
Bəs ölkəmizdə distant təhsil ali təhsil formalarından biri kimi qəbul edilərsə bu məsələ öz həllini tapa bilərmi?
AzEdu.az mövzu ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov bu adımı mühüm yenilik kimi qiymətl’ndirdiyini bildirib:
“Çünki bu günə kimi bu təhsil formasının hüquqi bazası yox idi, artıq qanunda əsasını tapmaqla hüquqi baza formalaşmış olur. Bu baxımdan hesab edirəm ki, bu çox mühüm məsələdir. Distant təhsil kifayət qədər mürəkkəb bir prosesdir. Hesab edirəm ki, bu barədə biz ciddi şəkildə düşünməliyik”.
O, bu addımın distant təhsil diplomlarının tanımasına təsir göstərəcəyini bildirib:
“Qanunvericilikdə distant təhsil rəsmi olaraq təhsilin bir forması kimi qəbul ediləcəyi təqdirdə düşünürəm ki, bu, xarici universitetləri distant şəkildə bitirən məzunların diplomlarının tanınması məsələsinə də öz təsirini göstərəcək. Yəni dünyada sırf distant təhsil verən universitetlər var. Artıq bizim də bu mövzuda ciddi düşünməyimizə zərurət yaranır. Hesab edirəm ki, bu mövzuda sırf qanun yaxud Təhsil Nazirliyinə bağlı olmayana məsələlər də var. Yəni hər hansı bir tələbə xaricdə distant təhsil alırsa təhsil aldığı ölkənin dilini bilməlidir. Məsələn, necə ola bilər ki, bir insan Ukraynada bu ölkənin dilini bilmədən təhsil alsın”.
Son olaraq deputat, növbəti mərhlədə diplomların təsdiqi məsələsinin aydınlaşdırılacağını bildirib:
“Nostrifikasiya ilə bağlı məsələlərdə bir çox məqamlar var və bunların hamısı heç də sırf distant təhsil ilə bağlı məsələlər deyil. Qanunvercilikdə distant təhsil ilə bağlı məsələlər öz əksini artıq tapır. Hesab edirəm ki, növbəti mərhələdə ümumi olaraq diplomların təsdiqi məsələsinə öz tövhəsini verəcək.
Bakı Mühəndislik Universitetinin prorektoru, ali təhsil üzrə ekspert Elçin Süleymanov distant təhsillə bağlı atılan adımın gözlənilən olduğunu bildirib:
“Təbii ki, bu məsələ gözlənilən və zamanın tələbi idi. Xüsusilə bu məsələnin reallaşmasına pandemiya kömək etdi deyə bilərik. Pandemiya vaxtı distant təhsilə keçildi və bu, distant təhsilin artıq qanunla ali təhsil formalarından biri kimi qəbul edilməsini zəruri etdi”.
Prorektor distant məzunların diplomlarının tanınması məsələsinə fərqli istiqamətdən yanaşıb:
“Xarici universitetlərdən distant alınan diplomların tanınması məsələsində yanaşmalar müxtəlifdir. Bu təhsil yolu ilə alınsın diplomu tanımayan bir çox ölkə var. Məsələn qardaş Türkiyə də xaricdə distant olaraq alınan diplomu tanımır. Burada əsas məsələ, xarici tədrisdə əyani metodda təhsili stimullaşdırmaqdır. Çünki onlayn tədris heç vaxt ənənəvi təhsilin yerini vermir. Ona görə bu qərar başadüşüləndir”.
Qeyd edək ki, bir neçə gün öncə "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyası təqdim edilib.