“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsi təhsil ictimaiyyətində müzakirə olunur.
Xüsusilə, coğrafiya müəllimləri bu qərarın natamam olduğunu, III fənn blokuna da coğrafiya fənnninin salınmasını, əks halda isə ixtisasların II qrupda qalmasını vurğulayırlar. Həmin ixtisaslar üzrə coğrafi biliklərin lazımlılığı da diqqətə çatdırılır.
Mövzu ilə bağlı Azedu.az-a danışan təhsil eksperti Elçin Əfəndi III qrupa coğrafiya fənninin salınacağını ehtimal edir:
“III qrupa coğrafiya fənninin əlavə olunması müzakirə edilir, nəzərdə tutulur ki, əlavə olunsun. Çünki bu qrupa yeni əlavə edilmiş “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarında coğrafi biliklər mütləqdir. Buna görə coğrafiyadan imtahan götürülməsi də mütləqdir.
Bu prosesi isə növbəti tədris ilində yəni 2021-ci ilin sentyabr ayından qüvvəyə minəcək. 2022-ci il qəbul imtahanlarında III qrupda coğrafiya əsas fənn kimi götürüləcək. Yəni imtahan suallarında coğrafi biliklər də yoxlanacaq”.
Qeyd edək ki, 2007-ci ilə qədər DİM-in qəbul proqramında III qrupda sözügedən ixtisasların olması ilə yanaşı, coğrafiya fənni də olub.