Yüzminlərlə gəncin gələcək həyatında önəmli rol oynayan qəbul imtahanlarına sayılı günlər qalıb.
Bəs, abituriyent və valideynlər bu günlərdə nələrə diqqət etməlidirlər?
AzEdu.az vacib mütəxəssis məsləhətlərini diqqətə çatdırır:
Şagirdlər stressdən uzaq durmalıdırlar
Mütəxəssislərin fikrincə, abituriyentlər imtahana sayılı günlər qalmış yeni mətn və dərs öyrənməklə məşğul olmamalı, öyrəndiklərini sistemli şəkildə təkrarlamalıdırlar. Təkrar və testlərin imtahanın keçiriləcəyi saatlarda edilməsi məsləhət görülür;
Qidalanma və yuxu rejimi sabit qalmalıdır
İmtahan həyəcanının yaratdığı stress şagirdlərdə iştahsızlığa yol aça bilər. Bunun qarşısını almaq üçün valideynlərin üzərinə məsuliyyət düşür. Abituriyent özünə qapanmamalı, ailəsi və dostları ilə zaman keçirməlidir;
İmtahana 1-2 gün qalmış kitablar bağlanmalıdır
Mütəxəssislər hesab edir ki, təkrarları nə vaxt bitirəcəyinə şagird özü qərar verməlidir. Ancaq imtahana 1-2 gün qalmış kitablardan tamamilə uzaq durmaq tövsiyə edilir;
İmtahanın veriləcəyi binayla tanış olmaq lazımdır
Bu şagirdin imtahanı daha rahat şəkildə verə bilməsi üçün çox vacibdir. İmtahan binası ilə tanış olan abituriyent özünü tanış məkanda daha sərbəst hiss edəcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün V ixtisas qrupu üzrə qəbul imtahanı 10 iyul, I-IV ixtisas qrupları üzrə 18 iyul, II-III ixtisas qrupları üzrə isə 25 iyulda keçiriləcək.