Hazırda ön cəbhədə olduğu kimi informasiya cəbhəsində də şiddətli müharibə davam edir.
Əksəriyyəti tələbə olan bir çox azərbaycanlı gənc sosial şəbəkələrdə #PrayforGanja, #StopArmeniaAgression, #StopArmeniaTerrorism və başqa bir çox həştəqlər başladaraq dünya trendinə daxil olmağı bacarıblar.
Bir neçə gün bundan öncə Gəncəyə hücum baş verdiyi zaman təkcə #PrayforGanja həştəqi üzrə 1 milyon 240 min tvit atılıb. Bu sahədə onlar erməni işğalçılarının Azərbaycana qarşı törətdiyi cinayətləri, mülki əhalini hədəf almasını, ümumilikdə erməni terrorizmini dünyaya çatdırmağa çalışırlar.
AzEdu.az bu gənc tələbələrin təşəbbüsünü yüksək qiymətləndirir və onların bir neçəsini təqdim edir:
BDU, Jurnalistika fakultəsinin III kurs tələbəsi Sadəgül Cəfərova və Xəzər Universiteti I kurs tələbəsi Paşayeva Nurlana komandaları ilə birlikdə keçirdikləri aksiyanın fəaliyyətindən söz açıblar:
“Aksiyanı təşkil etməyimizdə əsas məqsəd sosial şəbəkələr, daha çox da tvitter üzərində aktivlik nümayiş etdirərək bizə qarşı törədilən vandallığı, terrorizmi dünyaya çatdırmaqdır.
Çünki qarşımızda elə bir millət var ki, öz saxta tarixlərləri haqqında uydurduqları məlumatlara əsaslanaraq bizə zərbə endirməyə, dünyanın gözündən salmağa çalışır.
Biz isə Azərbaycan gəncləri olaraq bunun qarşısını almağa çalışırıq. Elə bu məqsədlə tarixi faktlara əsaslanaraq müxtəlif dillərdə mətnlər hazırlayır və onları seçdiyimiz həştəqlərlə sosial şəbəkələrdə, daha çox tvitterdə yayımlayırıq.
Bununla da Qarabağ həqiqətlərini bacardığımız qədər dünya mediyasına çıxarmağa çalışırıq. Məqsədimiz ermənilərin bizə qarşı törətdiyi soyqırımı və cinayətləri dünyaya çatdırmaq, onlara gerçəyi göstərməkdir.
Dünya görsün ki, biz mülki əhaliyə toxunmuruq, ancaq ermənilərin tarix boyunca əsas hədəfi bizim mülki əhali olub.
Bu olanlara susmamaq, arxa cəbhə olaraq informasiya müharibəsində qalib olmaq, onlara qarşı mübarizə aparmaq üçün gənclərlə belə bir təşkilat yaratdıq. Ümumilikdə tarixi boyunca ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri tarixi faktlarla, qısa şəkildə dünyaya çatdırmaq istəyirik və inanıram ki, bunun öhdəsindən gəlirik.
Gənclər bu prosesə ilk olaraq iyul döyüşlərində necə başlamalarından bəhs ediblər;
İlk olaraq belə toplaşmağımızın, sosial şəbəkələrdə aktivlik göstərməyimizin əsas səbəbi “İyul döyüşləri” oldu. Hazırki proseslə o zaman arasında əsas fərq budur ki, ilk zamanlarda gəncləri bu məqsədlə bir yerə toplamaq o qədər də asan deyildi. Kimisi istəmirdi, kimisinin həvəsi yox idi. Ancaq sonradan gənclərimiz artıq özləri də görürdü ki, buna ehtiyac var, sosial şəbəkələr üzərində aktiv olmağımız bizim üçün daha yaxşıdır. Artıq getdikcə gənclərimiz özləri bizə qoşulmaq, informasiya müharibəsində iştirak etmək üçün müraciət edirdi. Yəni əvvəlki aksiya ilə indiki arasında əsas əsas fərq gənclərin indi daha aktiv olması, say etibarı ilə çoxluq təşkil etməsidir.
Bu mübarizəmizi ermənilərin sosial şəbəkələrdə bizə qarşı saxta iddialarının qarşısını alana, dünyanın onlara deyil də bizə qarşı həyata keçirilən terrorizm və vəhşiliyə inanmaları üçün lazım olduğu zamana qədər davam etdirəcəyik.
“Ölkədə internetin məhdudlaşdıırlması sizə nə kimi çətinlik yaradır?”- İnfirmasiya cəbhəsindəki savaşçıların bu suala cavabı maraqlı olur:
“İnternetin məhdudlaşdırılması bizə mənfi təsir göstərir. Çünki müxtəlif dillərdə mətnlər hazırlayır, fakt olaraq foto və videolardan paylaşımlarda istifadə etməli oluruq və bu zaman internet məhdudluğu səbəbindən çətinlik yaranır. Təəssüf ki, müharibə səbəbi ilə ölkədə internetdən istifadə məhdudlaşdırılıb. Buna görə də müxtəlif proqramlarla interneti aktiv saxlamağa çalışırıq ki, lazım olduğu zaman sosial şəbəkələrdə həqiqəti əks etdirməyən erməni iddialarını ifşa edə, onları susdura bilək. Twitter üzərində isə biz təyin etdiyimiz vaxtda ümumi paylaşımlar edirik. Əlbəttə, bunun özü bizə çətinlik yaradır, çünki internetin daha zəif olduğu zamanlara düşür. Nəzərə almaq lazımdır ki, informasiya müharibəsində qalib olmaq üçün ilk olaraq güclü internetə ehtiyac var.
Gənclər aksiya zamanı məruz qaldıqları virtual təxribata diqqət çəkiblər:
“Erməni təxribatçıları tərəfindən sosial şəbəkələrdə hücumlara məruz qalırıq və nəticə olaraq səhifələrimiz bloklanır, bağlanır. Biz lazım olan faktları müxtəlif dillərdə, əsasən rus və ingilis dillərində dünyaya çatdırmağa çalışırıq. Onlar bizim yaymağa çalışdığımız məlumatların doğru olduğunu bilirlər və bunu dünyanın öyrənməsindən qorxduqları üçün səhifələrimizi kütləvi şikayət edərək, yaxud blok etdirərək paylaşımlarımızın qarşısını almağa çalışırlar. Ancaq biz geri çəkilmirik. Lazım gəldikdə eyni zamanda bir neçə hesab və səhifələr yaradaraq informasiya müharibəsini uğurlu şəkildə davam etdiririk. Eyni zamanda bir xüsusiyyətləri də var ki, hər zaman hədə-qorxu gəlirlər, təhdid edirlər. Dünya tərəfindən tanınan bir çox məşhur şəxslərin paylaşımlarına insanların məlumatlandırıması məqsədi ilə rəy olaraq məlumat və faktlar qeyd edirik. Bu zaman onlar bizə hədə-qorxu gəlməyə çalışır, saxta iddialar ortaya atırlar. Ancaq biz bunlara məhəl qoymur və lazım olan şəkildə onlara cavab veririk. Sonda isə məğlub tərəf onlar olur.
Onlar Azərbaycan gəncini informasiya müharibəsində aktiv olmağa səsləyirlər
Hazırda biz mənfur erməni xisləti ilə qarşı-qarşıyayıq. Bu halda Azərbaycan gənclərinə məsləhətimiz budur ki, sosial şəbəkələr üzərində, xüsusi ilə də twitter üzərində gənclərimiz son dərəcə aktiv olsunlar. Çünki nəinki Ermənistan, eyni zamanda onlara dəstək olan digər dövlətlərin vətandaşları da bizə qarşı çıxaraq, əleyhimizə paylaşımlar edir, dünyaya səslənirlər. Biz də bunlara qarşı çıxaraq sosial şəbəkələr, xüsusi ilə də facebook və twitter üzərində aktivlik göstərməliyik. Unutmayaq ki, əsgərlərimiz vətən üçün, bizim üçün səngərdə döyüşürlər, biz də informasiya müharibəsində qalib olaraq onlara dəstək ola bilərik. Erməni yalanlarını ifşa etmək, dünyanın gözünü açmaq üçün gənclərimizdən böyük dəstək və aktivlik gözləyirik. Yalnız bizim qruplara qoşularaq deyil, eyni zamanda özləri fərdi olaraq paylaşım edərək mübarizəmizdə bizə dəstək olsunlar. Azərbaycan gəncinə inanır və onlardan yüksək aktivlik gözləyirik.
Qeyd edək ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək üçün qeyd etdiyimiz gənclərlə yanaşı bir çox gənclərdən ibarət qruplar vahid məqsəd ətrafında birləşərək informasiya müharibəsində yüksək aktivlik göstərirlər.
Qarabağ Azərbaycandır!