20 avqust 2020-ci il tarixində Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında onlayn müqavilə imzalanıb.
AzEdu.az xəbər verir ki, sənədlər dövriyyəsi vasitəsilə (onlayn) imzalanan müqavilədə Lənkəran bölgəsinin təbii minerallarının və aqrar-sənaye sahəsi tullantılarının polimerlərdə doldurucu kimi tətbiqinin tədqiqi, birgə magistr və doktorantların hazırlanması, əməkdaşlıqdan alınan nəticələrin nəşri və s. nəzərdə tutulur.
Lənkəran Dövlət Universiteti tərəfindən müqaviləni LDU-nun rektoru vəzifəsini icra edən prof. Natiq İbrahimov, qarşı tərəfdən PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü ,prof. Bəxtiyar Məmmədov imzalayıblar.
Qeyd edək ki, müqavilə 2020-2027-ci illəri əhatə edəcəkdir.