AMEA Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyəti Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi olan “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) hazırlığı” layihəsinin bağlanış tədbirinə ev sahibliyi edib.
Coğrafiyadan xüsusi istedadı ilə seçilən şagirdlərin beynəlxalq coğrafiya olimpiadasında Azərbaycanı təmsil etmək hüququ üçün hazırlıq müddəti başa çatıb və komandaya düşəcək şagirdlərin adları müəyyən edilib.
Bu münasibətlə keçirilən tədbirdə nüfuzlu ali və orta məktəblərin nümayəndələri, coğrafiya mərkəzlərinin rəhbərləri və alimləri bir araya gəlib.
AMEA Coğrafiya İnstitutunun direktoru, Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov coğrafiyanın əhəmiyyətindən, tədrisinin vacibliyindən, bir çox problemləri coğrafi biliklər olmadan həll etməyin mümkünsüzlüyündən danışıb. (Azərbaycan müəllimi)
Layihəyə sevindiyini bildirən akademik beynəlxalq coğrafiya olimpiadasına gedəcək şagirdlərin ciddi hazırlaşmaları üçün onlarla işləyəcəklərini söyləyib. BDU-nun coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova beynəlxalq coğrafiya olimpiadasına hazırlaşan şagirdlərə hər cür dəstək göstərəcəyini bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Səkinə Ağalarova təhsilə dövlət dəstəyindən danışaraq , hər il qrant müsabiqələrinin elan edildiyini və bir çox müəllimlər, təhsil müəssisələrinin bu müsabiqələrdə qalib gəldiyini, beləliklə, Təhsil Nazirliyinin innovativ və təşəbbüskar müəllimlərə dəstək olduğunu qeyd edib.
Layihə rəhbəri Yaşar Seyidəliyev beynəlxalq coğrafiya olimpiadası (iGeo) barədə məlumat verərək bildirib ki, olimpiada Beynəlxalq Coğrafiya Birliyinin (IGU) tərkibində 1996-cı ildən fəaliyyət göstərir. Bu il 17-ci iGeo Türkiyənin İstanbul şəhərində keçiriləcək. O, 2015-ci ildən bəri iGeo ilə Azərbaycanın əməkdaşlıq etdiyini və bu il komandanın daha yaxşı hazırlaşdığını bildirib.
Layihəyə ikinci ev sahibliyini edən Fortis Group adından Fortis Academy-nin direktoru Ramil Hacıyev çıxış edib. O bildirib ki, daha yaxşı hazırlaşmaları üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş siniflər iGeo komandası şagirdlərinin ixtiyarına verilib. R.Hacıyevin sözlərinə görə, Fortis Academy maddi təminatı zəif olan şagirdlərin ali təhsil müəssisələrinə təmənnasız hazırlıqlarını təşkil etməklə məşğuldur:” Burada şagirdlərə müsabiqə ilə seçilən müəllimlər dərs deyirlər. Şagirdlər pulsuz dərs vəsaitləri ilə təmin olunurlar. Zəngin və bestsellerlərin kitabları olan kitabxana şagirdlərin ixtiyarındadır”.
Tədbirin sonunda layihə iştirakçılarına və layihəyə dəstək verənlərə sertifikatlar təqdim olunub.