“Belarus universitetlərində təhsil almaq istəyənlər İngilis və ya Rus dilini yüksək səviyyədə bilməlidirlər”.
Bunu AzEdu.az-a “A-Level” Tədris Mərkəzinin rəhbəri, xaricdə təhsil üzrə mütəxəssis Ayan Əliyeva deyib. Onun sözlərinə görə, Belarus universitetlərində təhsil almaq istəyənlər üçün viza rejimi xeyli sadələşdirilib.
“Belarusda təhsil almaq istəyənlər oraya getməzdən öncə qeydiyyatdan keçməli, müvəqqəti yaşayış əldə etməlidirlər. Bu ali təhsil müəssisələrində oxumaq istəyənlər İngilis, Rus dillərindən birini yüksək səviyyədə bilməlidirlər. Dil bilgisi olmayanlar universitetdə hazırlıq keçməli olacaqlar.
Belarus müəllimləri çox tələbkar olduğu üçün buradakı universitetlərdə oxumaq çətindir.”
Ayan Əliyeva informasiya texnologiyaları ilə bağlı ixtisaslar üzrə Postsovet ölkələri arasında Belarusun lider olduğunu vurğulayıb:
“Bu universitetlərə attestatla qəbul mümkün deyil. Orada oxumaq istəyənlər attestatı təqdim edərək müsahibədən keçməlidir. İngilis dili proqramlarında təhsil almaq istəyənlər müsahibəni ingiliscə, Rus dilində oxumaq istəyənlər isə rusca verirlər”.
Ekspert onu da qeyd edib ki, ölkəmiz Belarusda ali tibb təhsili almaq istəyənlər üçün mayda imtahan keçirəcək:
“Belarus universitetlərinin diplomları bütün ölkələrdə tanınır. Təhsil haqqı isə 1000 və 5000 dollar arasındadır. Yaşayış xərcləri isə 10-50 dollar arasında dəyişir. Onu da qeyd edim ki, əcnəbi tələbələr Belarus universitetlərində ödənişsiz təhsil ala bilməzlər”.