Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb.
Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən, xaricdə təhsil almağa üz tutur.
Azərbaycanda da xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya ölkələrində təhsil almağı hədəf seçib.
Son zamanlar tələbələr Estoniyada təhsil almağa daha çox üstünlük verir.
Maraqlıdır, görəsən, tələbələrin Estoniyada ali təhsil alması Azərbaycan təhsilinə nə qazandırıb?
AzEdu.az bununla bağlı yazını təqdim edir:
“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlunun sözlərinə görə, Estoniya təhsil sahəsində Avropada öz sözünü deyən ölkədir:
“Estoniyada İnformasiya texnologiyaları sahəsi daha çox inkişaf edib. Düşünürəm ki, maliyyə, bank sistemi ixtisasında təhsil almaq istəyən tələbələr üçün Estoniyada oxumaq faydalıdır. Gənclərin Estoniyada oxuması Azərbaycana genişmiqyaslı təhsilin və əmək bazarında rəqabətə dözümlü kadrların gəlməsinə səbəb olacaq”.
Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev bildirib ki, Estoniyada tələbələr üçün yaşayış və təhsil şərtləri olduqca sərfəlidir:
“Estoniyanın xüsusilə Tartu Universiteti tələbələrin təhsil ala biləcəyi ən yaxşı ali məktəbdir. Amma ölkədə tibb təhsili üzrə qəbul şərtləri o qədər də asan deyil. Tələbələrin tibb üzrə universitetə qəbul olması üçün yüksək SAT nəticələri olmalıdır. Onu da qeyd edim ki, Estoniya universitetləri yüksək imtahan nəticəsi tələb etdiyi kimi keyfiyyətli təhsil də verir”.
Estoniyanın Tartu Universitetində təhsil alan Hökümə Məmmədzadənin sözlərinə görə, tələbələrin Estoniyada oxuması Azərbaycan təhsilinə heç nə qazandırmır:
“Estoniyada təhsil almağın üstünlüyü müxtəlif ölkələrdən olan tələbə və müəllimlərin təşkil etdiyi mühitdə yaşamaqdır. Eyni zamanda ölkədə dərs metodları da fərqlidir. Fikrimcə, dünyada tələbəyə heç nə qazandırmayan universitet yoxdur. Amma ali məktəblərdə təhsilin keyfiyyəti pis və ya yaxşı ola bilər. Onu da qeyd edim ki, tələbənin universitetdə nə qazanacağı onun özündən asılıdır. Estoniyada müəllimlər tələbələrin nazını çəkir, onlara nələrsə öyrətməyə çalışırlar. Burada müəllimlərin əksəriyyəti tələbələrin sualını sualla cavablandırır.
Tələbələrin Estoniyada oxuması Azərbaycan təhsilinə heç nə qazandırmır. Amma tələbələr özlərini inkişaf etdirib təhsildə olan yenilikləri Azərbaycanda olan karyeralarına tətbiq edə bilərlər”.