Son illər gənclərin xaricdə təhsil almağa marağı daha da artıb.
Gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən müəyyən edirlər.
Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, onlar qərarlarından tam əmin ola bilmirlər.
Gənclərin bu kimi suallarını cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.
Türkiyənin Yıldız Texniki Universitetində təhsil alan Sərxan Məmmədov bu mövzu ilə bağlı zəruri bilgilərini bizimlə bölüşüb.
Sərxan Məmmədov hazırda Türkiyədə iqtisadiyyat və inzibati elmlər fakültəsi üzrə bakalavr pilləsində təhsil alır.
Öncə, universitet haqqında ümumi məlumat:
Yıldız Texniki Universiteti Türkiyənin nüfuzlu dövlət ali təhsil müəssisələrindən biridir. Burada xüsusilə iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verilir. Universitetin əsası 1911-ci ildə qoyulub.
Yaxşısı budur, universitet haqqında Sərxanın özü bizə məlumat versin. Onun sözlərinə görə universitetin hər fakültə binasında ən azı 1 kitabxana və tələbələr üçün oxu zalı var:
“Yıldız Texniki Universitet mühəndislik üzrə Türkiyənin 3 ən böyük ali təhsil müəssisələrindən biridir. Universitetdə tələbələrin sosial və elmi biliklərini genişləndirmək üçün hər cür şərait yaradılıb.
Məşhur şəxslər hər ay universitetə gələrək öz uğur hekayələrini tələbələrlə bölüşürlər. Bunlardan əlavə universitetin daxilində futbol, basketbol, tennis, fitnes zalları var ki, qiyməti tələbələr üçün əlverişlidir. Universitetin hər fakültə binasında ən azı 1 kitabxana və tələbələr üçün oxu zalı var. Tələbələr buradakı kitabxanalardan günün 24 saatı yararlana bilərlər”.
Onun sözlərinə görə, universitetin yeməkxanasında tələbələr üçün olduqca ucuz və dadlı yeməklər təklif edilir:
“Yıldız Texniki Universitetinin üstünlüyü ondan ibarətdir ki, burada təhsil almaqla çoxlu sayda əcnəbi tələbələri tanımaq şansınız olur.
Universitetə hər il Fransa, İtaliya, İspaniya, Almaniyadan gələn tələbələrinin sayı artmaqdadır. Onu da qeyd edim ki, burada təhsil alan azərbaycanlı tələbələrin də sayı çoxdur. Universitetdə Erasmus proqramı var ki, bunun nəticəsində tələbələr istədikləri ölkəyə gedərək bir il oxumaq şansı əldə edirlər.
İmtahan nəticələrinə görə ilk 10-luğa düşən tələbələrə universitet aylıq 500 avro təqaüd imkanı təklif edir. Burada sonuncu kurslarda oxuyan tələbələr universitet tərəfindən şirkət rəhbərləri ilə görüşərək iş imkanı qazanırlar”.