Dünyanın bir çox ölkəsində ali təhsil alan tələbələr üçün təqdim edilən təqaüd proqramları yalnız maddi dəstək mexanizmi olmaqla kifayətlənmir, həm də həmin ölkənin təhsil siyasətinin, iqtisadi imkanlarının və sosial yönümlü strategiyalarının göstəricisi kimi çıxış edir.
Belə ki, Rusiyada tələbələrin aylıq təqaüdü 40 dollar, Belarusda 53 dollar, Ukraynada 80 dollardır. Qazaxıstanda təqaüd orta hesabla 184 dollar təşkil edir. Fransada tələbə təqaüdləri 350 avrodur. Liviya və Səudiyyə Ərəbistanında tələbələr 700 dollar təqaüd alırlar. Küveytdə subay tələbələrə 700, ailəlilərə isə 1200 dollar təqaüd verilir. İtaliyada tələbələr üçün təqaüd 840 avrodur.
Bəzi ölkələrdə təqaüdlər yalnız təhsil haqqını qarşılayır, digərlərində isə əlavə olaraq yaşayış, sığorta və yol xərcləri də daxil edilir.
Xarici ölkələrdə tələbələrə verilən təqaüdlərin məbləğində müşahidə olunan əsas fərqlərin səbəbləri nələrdir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, mövzuya fərqli konsepsiyadan yanaşmaq lazımdır:
"İllərdir hər hansı hesablama aparıb iqtisadi təklif veririk. Ya müəyyən qədər icra olunur, ya da tələbə təqaüdləri inflyasiyanın çox altında qalır. Bundan əlavə, müəyyən zamandır ki, biz iqtisadçılar və təhsil sahəsinin mütəxəssisləri digər ölkələrdəki müsbət konsepsiya və qərarların inteqrasiyasına söykənib fikir söyləyirik. Bu gün isə düşünürəm ki, elə iqtisadi model yaratmalıyıq ki, həm xaricdən tələbə axını olsun, həm də yerli tələbələrin məmnunluq səviyyəsi artsın.
İlk növbədə, təhsilə ayrılan büdcə artırılmalıdır. Bundan əlavə, universitetlər yalnız mütəxəssis yetişdirməyə fokuslanaraq təkmilləşməlidir. Universitet məktəb deyil ki, hər fənn üçün ayrı-ayrı ballar yığılsın və ya illik təhsil haqqı tələbənin pulundan çıxarılmış kimi görünsün. Məsələn, bir qrupda 25-27 tələbə olsa, onlardan 10 nəfərinə təqaüd verilə bilər ki, hər tələbə təxminən 350 manat civarında dəstək alsın.
Hər zaman tələbələrin həyat şəraitinin yaxşılaşdırılması, təqaüdlərin artırılması yönündə çıxış etmişəm. İqtisadi vəziyyəti, dövlət büdcəsini və təhsilə ayrılan vəsaiti nəzərə almalıyıq. Əgər mümkün iqtisadi şərait yoxdursa, mövcud vasitələrlə sabitləşdirməliyik. Digər çıxış yolu isə odur ki, konkret paket şəklində təqdim oluna bilər, bir növ hərbi hissələrdə olduğu kimi. Tələbələr təhsil müddətində tamamilə pulsuz yeməklə təmin olunsun, yataqxana çatışmazlığı problemi aradan qaldırılsın. Tələbənin təqaüddən, yəni nağd vəsaitdən əvvəl bu kimi çətinlikləri var, çünki inflyasiya ilə artım paralel deyil. Təqaüd nə qədər qalxsa da, artan qiymətlərlə uyğunlaşa bilmir".