AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Lalə Dilənovanın açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib.
"Sadəcə akademik uğurlarınıza görə deyil, həm də ictimai fəallığınız, nümunəvi davranışlarınız və universitetimizi həm daxilində, həm də xaricində ən yaxşı şəkildə təmsil etdiyiniz üçün bu ada layiq görülmüsünüz. Bu gün siz tələbəsiniz, amma sabah müxtəlif sahələrdə fəaliyyət göstərəcək, öz karyeranızda da öncül mövqeyə sahib olacaqsınız. Mən əminəm ki, siz harada olursunuzsa-olun, orada da bir brend olma potensialına sahibsiniz".
Ləman Novruzova tədbirin mahiyyətindən söz açıb:
"Bu adına layiq görülən bütün tələbələri ürəkdən təbrik edirəm. Düşünürəm ki, minlərlə tələbə arasından seçilən on nəfərdən biri olmaq həm qürurverici, həm də məsuliyyətlidir. Universitet rəhbərliyinin sizi bu siyahıya daxil etməsi sizin bilik, bacarıq və fəallığınızın yüksək qiymətləndirilməsidir.
Layihə barədə qısa məlumat vermək istəyirəm. “Brend Tələbə” layihəsi AzEdu.az Təhsil Portalı tərəfindən artıq üç ildir ki, həyata keçirilir. Layihənin ilk ilində 20 universitet bizimlə əməkdaşlıq edirdisə, bu il həmin say 29-a yüksəlib. Bu, universitetlərin bizə göstərdiyi etimadın bariz nümunəsidir.
Layihədə iştirakçılar obyektiv meyarlar əsasında seçilir. Bu meyarlara akademik göstəricilərlə yanaşı, dövlətçilik dəyərlərinə sadiqlik, liderlik bacarıqları, sosial və könüllü fəaliyyətlərdə iştirak, sosial mediada nümunəvi davranış və ictimai fəallıq daxildir.
Məqsədimiz tələbələr arasında sağlam rəqabət mühiti yaratmaq, uğurları ilə fərqlənən gəncləri ictimaiyyətə təqdim etmək və onlara əlavə motivasiya qazandırmaqdır. Bu həmçinin digər tələbələr üçün də bir örnək rolunu oynayır. İnanıram ki, bu təşəbbüs hər birinizin gələcək fəaliyyətinə müsbət təsir göstərəcək.
Burada iştirak edən hər kəsə təşəkkürümü bildirir, uğurlar arzulayıram".
Asif Paşayev tələbələrə uğurlar arzu edib:
"Bu meyarlara əsasən seçim aparmaq asan deyil. Lakin bu gün burada əyləşən gənclər həmin namizədlər arasında ən layiqliləridir.
Arzu edirəm ki, gələcəkdə məzun olduqdan sonra da hər biriniz öz fəaliyyət sahənizdə brend adını qoruyasınız. Biz hər zaman məzunlarımızın yanında olmuşuq və bundan sonra da dəstək verməyə davam edəcəyik.
Layihə həm seçilən tələbələr, həm də digər kurslarda oxuyan gənclər üçün böyük stimul yaradır. Artıq birinci və ikinci kurs tələbələri “Brend Tələbə” adının mahiyyətini soruşur, maraqlanır, bu ada layiq olmaq üçün çalışırlar. Bu da layihənin əsas məqsədinə, tələbələr arasında motivasiya və rəqabət mühitinin formalaşmasına xidmət edir.
Qonaqlarımıza bu nəcib təşəbbüsə görə təşəkkür edir, layihənin davamlı olmasını arzulayıram. Tələbələrimizi bir daha təbrik edir, uğurlar arzulayıram".
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Azərbaycan Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:
Solmaz İlyaszadə - Humanitar və sosial elmlər fakültəsi;
Günay Dünyamalıyeva - Humanitar və sosial elmlər fakültəsi;
Yusif Nəbizadə - Humanitar və sosial elmlər fakültəsi;
Elvin Mədinov - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi;
Fatma Kəmərbəndi - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi;
Alican Mikayılov - İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi;
Mələk Şərifzadə - Biznes və iqtisadiyyat fakültəsi;
Xəyyam Əsədov - Biznes və iqtisadiyyat fakültəsi;
Natəvan Pirili - Biznes və iqtisadiyyat fakültəsi;
Şəfəq Əzimova - Tarix ixtisası.