2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 11 nəfər azərbaycanlı Türkiyədə təhsil almaq hüququ qazanıb.
Belə ki, yekun qərara əsasən təqaüd proqramına seçilmiş şəxslər turizm idarəçiliyi, ictimai hüquq, xüsusi hüquq, jurnalistika, kompüter mühəndisliyi, meşə mühəndisliyi, tarix, kimya, biznesin təşkili və idarə edilməsi, siyasi elm və dövlət idarəçiliyi ixtisasları üzrə “Hacettepe Üniversitesi”, “Atatürk Üniversitesi”, “Akdeniz Universitesi”, “Dokuz Eylül Üniversitesi”, “İstanbul Üniversitesi”, “İstanbul Üniversitesi - Cerrahpaşa” və s. kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.
Maraqlıdır, son 3 ildə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Türkiyədə ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan azərbaycanlı tələbələrin sayı neçə nəfər olub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2022/2023-cü tədris ili üzrə 7 nəfər (hər biri doktorantura səviyyəsi üzrə) Azərbaycan Respublikası vətəndaşı HTP çərçivəsində Türkiyə Respublikasında təhsil almaq hüququ qazanıb:
"Belə ki, 2023/2024-cü tədris ili üzrə 8 nəfər (7 nəfər doktorantura, 1 nəfər tədqiqat səviyyəsi üzrə) Azərbaycan Respublikası vətəndaşı HTP çərçivəsində Türkiyə Respublikasında təhsil almaq hüququ qazanıb.
2024/2025-ci tədris ili üzrə 6 nəfər (hər biri doktorantura səviyyəsi üzrə) Azərbaycan Respublikası vətəndaşı HTP çərçivəsində Türkiyə Respublikasında təhsil almaq hüququ qazanıb".
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə 11 nəfər (10 nəfər doktorantura, 1 nəfər tədqiqat səviyyəsi üzrə) Azərbaycan Respublikası vətəndaşı HTP çərçivəsində Türkiyə Respublikasında təhsil almaq hüququ qazanıb.
Sözügedən şəxslər Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində turizm menecmenti, biznesin təşkili və idarə edilməsi, marketinq, geofizika mühəndisliyi, kimya, tarix, təhsilin idarə olunması, psixologiya, jurnalistika, türkşünaslıq, xüsusi hüquq, molekulyar biologiya və genetika, kompüter mühəndisliyi, siyasi elm və dövlət idarəçiliyi və s. ixtisasları üzrə araşdırma aparmaqdadırlar.