Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinə iki yeni təqaüd veriləcək.
Azedu.az-ın məlumatına görə, bakalavr səviyyəsi üzrə “Kompüter elmləri”, “Geologiya və geofizika mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Neft və qaz mühəndisliyi” və “Kimya” ixtisaslarında təhsil alan bir qrup tələbəyə “Mövsüm bəy Xanlarov” təqaüdünün veriləcəyi elan edilib.
Hər bir tələbə aylıq 200 AZN məbləğində maliyyə dəstəyi alacaq. Bu isə onların akademik fəaliyyətlərini davam etdirməsinə və mükəmməllik səviyyəsini qorumasına yardımçı olacaq.
Magistratura pilləsində təhsil alan və ümumi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə isə “Eyyub Tağıyev adına təqaüd” təyin edilib. “Data elmi və süni intellekt”, “Fiziki kimya/Kimya mühəndisliyi” və “Yer elmləri” ixtisasları üzrə təhsil alan magistrantlar aylıq 250 AZN məbləğində təqaüdlə təmin ediləcəklər.