Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025-2026-cı tədris ili üçün tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 102 gənc Prezident təqaüdünə layiq görülüb.
Belə ki, onlar içərisində Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.
Qeyd edək ki, BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri Kompüter elmləri, 12 nəfəri isə Maliyyə ixtisasının tələbəsidir.
AzEdu.az həmin tələbələrlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
Təqaüdə layiq görülən Röyalə Bəxtiyarova Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi məzunudur:
“Prezident təqaüdünə layiq görülmək mənim üçün zəhmətlərimin qarşılığı və gələcək məqsədlərim üçün böyük bir motivasiyadır. Özümü gələcəkdə Vətəninə xeyir verən, işinin peşəkarı olan bir mütəxəssis kimi görmək istəyim ən böyük hədəfim olub. Mən hər hansı bir işin çətinliyindən və ya nəticənin tez əldə olunub-olmamasından asılı olmayaraq daim məqsədlərimə doğru çalışıram.
Məncə, sadəcə oxumaq kifayət deyil, doğru və intizamlı oxumaq vacibdir. Həmçinin insan özündə yaradıcı düşünmə bacarığını inkişaf etdirməlidir. Özümü informasiya təhlükəsizliyi sahəsində peşəkar bir kadr kimi görürəm. Uğur qazanmağın böyük çalışqanlıq və intizamın nəticəsi olduğuna inanıram. Hər kəs əzmlə və inamla çalışsa, mütləq uğur əldə edə bilər.
Dərslərin daha çox praktika yönümlü olması isə öyrənmə prosesini daha səmərəli edir. Dərsdə keçdiyimiz nəzəri bilikləri praktikada tətbiq etmək bizə mövzunu daha dərindən anlamağa imkan yaradır".
Ziya Alızadə qeyd edib ki, 17 yaşında Müzəffər Ali Komandanın sərəncamında yer almaq böyük nailiyyət və qürurdur:
“Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunuyam. Buraxılış imtahanında 300, blok imtahanında 390,3 bal toplayaraq cəmi 690,3 bal toplamışam. 10-cu sinifdə Respublika Fənn Olimpiadalarında fizika fənnindən gümüş, 11-ci sinifdə isə bürünc medal qazanmışam. Bu, mənim üçün çox sevindirici bir haldır. 17 yaşımda Müzəffər Ali Komandanın sərəncamında yer almaq isə böyük nailiyyət və qürurdur.
Ailəm və yaxınlarımı sevindirmək mənim üçün böyük xoşbəxtlikdir. Bu səbəbdən bacardığımın ən yaxşısını edərək onları qürurlandırmaq mənim ən böyük motivasiyam olub. Uğurlu tələbə olmaq üçün yalnız çox oxumaq kifayət etmir. Nəyi və necə oxuduğun da çox önəmlidir. Keçilən dərslərin mahiyyətini başa düşmək və məsuliyyətli olmaq vacibdir.
Gələcəkdə özümü oxuduğum ixtisas üzrə uğurlu və savadlı kimya mühəndisi olaraq görürəm. Tövsiyəm odur ki, aşağı siniflərdən dərslərdə məsuliyyətli olmaq lazımdır ki, 11-ci sinifdə güclü baza formalaşsın. Yaxşı baza olduqda imtahana hazırlaşmaq daha asan olur.
Mən bütün günümü yalnız dərs oxumağa sərf etmirdim. Gəzməyə, futbola və hobbilərimə də yetərincə vaxt ayırırdım. Sosial həyatdan imtina etməyi heç kimə tövsiyə etmirəm. Digər məsləhətim isə qarşılarına aydın hədəflər qoymaq, bu hədəflər üçün çalışmaq və məsuliyyətli olmaqdır".
Alı İsmayılov bildirib ki, gələcəkdə özünü İT mütəxəssisi olaraq görür:
“Prezident təqaüdünə layiq görülmək mənim üçün çox qürurverici bir hissdir və öz əziyyətimin bəhrəsini görmək insanı sevindirir. Mən bu universitetə yüksək balla qəbul olmağı özümə məqsəd qoymuşdum və ona nail olmaq üçün əlimdən gələni edirdim.
Bəzən ruhdan düşsəm də, ailəm, dostlarım və müəllimlərim mənə dəstək olurdular. Bir şeyi özümə məqsəd qoymuşamsa, ona nail olmaq üçün hər şeyi edirəm və məncə bu, yaxşı xüsusiyyətdir. Oxumaqla yanaşı, könüllülük proqramlarına qoşulmaq, ünsiyyət, liderlik və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək də vacibdir.
Gələcəkdə özümü xəyalımda olan dünya nüfuzlu şirkətlərdə ölkəmizi təmsil edən İT mütəxəssisi olaraq görürəm. Hər kəs özünə uyğun yolu seçsin və bu yolda uğur qazanmaq üçün çox və effektiv çalışsın. Ölkəmizdə belə təqaüdlərin sayının artırılması gənclərdə təhsilə marağı daha da oyadar".