Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025-2026-cı tədris ilinin payız semestri üçün 28 avqust - 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçiriblər.
2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş neçə tələbə təhsil tələbə krediti üçün müraciət edib?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.
Fonddan sorğumuza cavab olaraq bildirilib ki, 2025/2026-cı tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü 24 iyul 2025-ci il tarixindən etibarən başlayıb:
"Təhsil tələbə kreditindən yararlanmaq istəyən hər bir təhsilalan Təhsil Tələbə Krediti Fonduna məxsus e-ttkf.edu.az elektron portalı vasitəsilə müraciətini təqdim edir. Hazırkı mərhələdə müraciət prosesi semestrin sonunadək davam edəcəkdir. Xüsusilə qeyd etmək lazımdır ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələr 28 avqust 2025-ci il tarixindən etibarən Fonda məxsus elektron portal üzərindən müraciətlərini uğurla həyata keçiriblər.
Tədris ilinin əvvəlindən etibarən Fond tərəfindən aparılan statistik təhlillər göstərir ki, 2025/2026-cı tədris ili üzrə bu günə qədər ümumilikdə 12000-ə yaxın edilən müraciətdən, 7000-dən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Bu göstərici, ötən illərlə müqayisədə tələbələrin təhsil maliyyələşməsi sahəsində TTK-ya marağın artdığını nümayiş etdirir. Yeni tədris ilində yalnız bakalavriat səviyyəsi üzrə isə 3600-dən çox təhsil tələbə krediti rəsmiləşməsi həyata keçib".