Bir çox ölkədə ali təhsil vətəndaşlar üçün ödənişsizdir. Məsələn, Finlandiya, Almaniya, Norveç və bir sıra digər Avropa ölkələrində dövlət universitetləri həm yerli, həm də bəzi hallarda beynəlxalq tələbələr üçün təhsil haqqı almır. Bu ölkələrdə təhsil dövlət büdcəsi və iqtisadi güc hesabına maliyyələşdirilir və şagirdlərin ali təhsilə çıxış imkanlarını maksimum səviyyədə təmin edir.
Azərbaycanda isə vəziyyət fərqlidir: yalnız yüksək bal toplayan tələbələr dövlət sifarişi ilə ödənişsiz təhsil ala bilirlər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun sözlərinə görə, praktik nümunələr dünyada mövcuddur və ali təhsilin tamamilə ödənişsiz olması mümkündür:
"Hətta əvvəllər bizdə də belə olub. Bu dövlətin inkişafından, maliyyə gücündən asılı olaraq gerçəkləşə bilər. Ancaq bunun nə zaman ola biləcəyiylə bağlı bir məumat verə bilmərəm".