Azedu.az

MDU tələbələrinin dərsləri “Azərbaycan İES” MMC-də keçirilir

Tələbələr

Universitetlər

29 Sentyabr 2025, 13:08
MDU tələbələrinin dərsləri “Azərbaycan İES” MMC-də keçirilir

Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika mühəndisliyi ixtisasında təhsil alan EnM24 qrupunun tələbələri növbəti dərslərini “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində keçiriblər.

Bu barədə AzEdu.az-a MDU-dan məlumat verilib.

Dərs MDU-nun Energetika kafedrasının müəllimi və “Azərbaycan İES” MMC-nin əməkdaşı olan Qədir Məmmədli tərəfindən “Elektrik maşınları” fənnindən “Transformator və rejimləri” mövzusunda aparılıb. Tələbələrə transformatorların quruluşu, iş prinsipləri və müxtəlif rejimlərdə tətbiqi ilə bağlı nəzəri biliklər təqdim olunub, həmçinin istehsalat şəraitində onların praktiki tətbiqi izah edilib. Bu dərs MDU ilə “Azərbaycan İES” MMC arasında qurulan universitet-sənaye əməkdaşlığının real nəticələrindən biri kimi diqqət çəkir. Qeyd edək ki, tərəflər arasında 2025-ci ilin iyul ayında əməkdaşlıq Memorandumu imzalanıb.Memorandum sənaye yönümlü ixtisaslar - xüsusilə Energetika mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi - üzrə peşəkar kadrların hazırlanmasını, təhsilin istehsalatla inteqrasiyasını, elmi-tədqiqat fəaliyyətlərinin təşviqini hədəfləyir.

Əməkdaşlıq çərçivəsində tələbələrin stansiyada istehsalat təcrübəsi keçməsi, dərslərin praktiki hissəsinin Tədris Mərkəzində təşkili, müəssisə mütəxəssislərinin tədris prosesinə cəlb olunması və universitet müəllimlərinin istehsalat prosesinə inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, birgə elmi-tədqiqat layihələrinin icrası, magistrlik dissertasiyalarının stansiyanın ehtiyaclarına uyğun müəyyənləşdirilməsi və innovativ həllərin hazırlanması planlaşdırılır.

Qeyd edək ki, MDU tələbələrinin “Azərbaycan İES” MMC-də keçdikləri bu dərs universitet-sənaye əməkdaşlığının praktiki müstəviyə keçdiyinin, eyni zamanda energetika sahəsində peşəkar kadrların hazırlanmasına verilən xüsusi önəmin göstəricisidir.

YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu
Son xəbərlərDaha çox