Azedu.az

İqtisadçı: Tələbələr üçün tarifli gediş və endirimlər zəruridir 

Tələbələr

29 Sentyabr 2025, 13:12
İqtisadçı: Tələbələr üçün tarifli gediş və endirimlər zəruridir 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Yeni qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, tələbələr üçün tarifli gediş haqqı olmalı, mağaza və iaşə obyektlərində endirimlər tələbə kartı ilə tətbiq olunmalıdır:

"Paytaxt Bakıya üz tutan tələbələrin ilk növbədə yataqxana problemi, yüksək kirayə haqları, indi isə gediş haqqının artırılması ilə bağlı çətinlikləri ortaya çıxıb. Hələ kirayə verərkən cinsiyyət ayrımı edilməsi əlavə problemdir. Gediş haqqının artırılması cüzi bir rəqəm kimi görünə bilər, amma əslində böyük məbləğdir. Ailə büdcəsinə uyğun olsun deyə, Bakı ətrafı qəsəbə və kəndlərdə mənzil kirayələyən və ya dərs saatından sonra işləyən qisim də var. Əgər əvvəllər 1 manatla tələbə 2 gediş istifadə edirdisə, indi minimum 1 manat 20 qəpiyə başa gələcək.

Yüksək kirayə, inflyasiyaya məruz qalmış ərzaq qiymətləri və gediş haqqı artımı Azərbaycan təhsil sistemində tələbələri məyus edir. Ölkənin iqtisadi potensialı üçün savadlı və ali təhsilli kadrlar vacibdir. Bu çətin şəraiti nəzərə alaraq, kim təhsil almaq istər? 

Təhsilin üst səviyyəsini istəyiriksə, tələbəyə ən azından orta səviyyədə şərait yaratmalıyıq. Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, tələbələr üçün tarifli gediş haqqı olmalı, mağaza və iaşə obyektlərində endirimlər tələbə kartı ilə tətbiq olunmalıdır. İqtisadi və sosial şəraitini yaxşılaşdırmadığımız tələbədən gələcəkdə nəsə gözləmək doğru deyil".

YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu
Son xəbərlərDaha çox