Təhsil Tələbə Kredit Fondu məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlar ilə əməkdaşlıq əlaqələri qurub və 30-dan çox müəssisə ilə Anlaşma Memordumları imzalayıb.
Neçə tələbə və məzun təcrübə proqramlarından yararlanıb?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.
Fonddan sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil kreditləri verilir:
"Bu kreditlərdən yararlanan tələbələr məzun olduqdan sonra iki il müddətində “güzəşt dövrü”nə malik olurlar. Bu dövr ərzində kreditə faiz hesablanmır və kreditin geri qaytarılması tələb edilmir. Əgər məzun bu dövrdə əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayarsa, güzəşt dövrü başa çatır və kreditin geri ödənilməsi prosesi başlayır.
Fond məzunların əmək bazarına daha tez və uğurla inteqrasiya olunması üçün müxtəlif addımlar atır. Bu məqsədlə dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.Hazırda Fond 9 ali təhsil müəssisəsi, 7 dövlət qurumu və 17 özəl müəssisə ilə əməkdaşlıq memorandumu imzalamışdır. Bu tərəfdaşlarla birlikdə müxtəlif mövzularda görüşlər və müzakirələr keçirilmişdir. Həmçinin tələbələrin inkişafına yönəlmiş müxtəlif təşəbbüslər reallaşdırılmışdır.
Tələbələrin bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif təlimlər təşkil olunmuşdur. Bu təlimlər əsasən yumşaq bacarıqların inkişafı və əmək bazarına inteqrasiya mövzularını əhatə etmişdir. Təlimlər 30-dan çox mövzunu əhatə etmiş və onlardan 1000-dən artıq tələbə faydalanmışdır.Bundan əlavə, tələbələrin real iş mühiti ilə tanış olmaları üçün təcrübə və könüllülük proqramları da həyata keçirilmişdir ki, son 4 il ərzində qeyd olunan proqramlara 500-dən çox tələbə cəlb olunub".
Qeyd edək ki, hazırda Fond tərəfindən yeni “Könüllü Proqramı” elan olunub. Proqrama qoşulmaq istəyən namizədlər 30 sentyabr tarixinədək Fondun rəsmi internet səhifəsində (ttkf.edu.az) yerləşdirilmiş “Könüllü Proqramı” bölməsinə keçid edərək müraciətlərini göndərə bilərlər.