Azedu.az

ODTÜ-dən imtina edən gənc: Azərbaycanda təhsil almağı buna görə seçdim...

Tələbələr

8 Sentyabr 2025, 14:58
ODTÜ-dən imtina edən gənc: Azərbaycanda təhsil almağı buna görə seçdim...

Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyinin məzunu Həmid Əliyev həm Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ), həm də Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. 

Belə ki, qəbul imtahanlarında 684.9 bal toplayan Həmid Bakı Ali Neft Məktəbini (BANM) seçib.

AzEdu.az bu münasibətlə Həmid Əliyevlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

O, buraxılış imtahanından maksimal nəticə əldə edib:

“Universitet seçimimlə bağlı məni çox qınayanlar oldu. Belə bir fikir səsləndirdilər ki, mən kiminsə yerini tutmuş sayılıram. Lakin seçim etmək, universitetlərə müraciət etmək mənim ən təbii haqqımdır. Onsuz da ali məktəblərə qəbul prosesində ikinci seçim imkanı mövcuddur. Əslində, dəqiq qərar vermədiyim üçün hər iki ali məktəbə sənədlərimi göndərdim. Amma müəyyən nüanslar oldu və onların əsasında qərarımı dəqiqləşdirdim. Mənim üçün ən önəmli məqam ixtisas idi. Çünki Türkiyənin heç bir universitetində informasiya təhlükəsizliyi ixtisası mövcud deyil.

Düşünürəm ki, Bakı Ali Neft Məktəbi məhz bu ixtisasın tədrisini təmin edə bilir. Türkiyənin ən yaxşı universitetlərində belə bu seçim yoxdur. Ən çox təsir edən amillərdən biri də məhz ixtisas oldu.

ODTÜ-də təhsil almaq göz ardı edilə bilməyəcək qədər böyük bir şansdır. Bunu hər dəfə vurğulayıram. Lakin cəmiyyətdə belə bir fikir yarandı ki, mən ODTÜ barədə heç düşünmədən BANM-i seçdim. Halbuki mənim üçün əsas seçim səbəbi ixtisas idi. Bu ali məktəbi seçdiyimə görə peşman olmayacağıma inanıram.

Sözün düzü, təhsil almaq istədiyim ixtisasın ODTÜ-də olmadığını bilə-bilə sənəd verdim. Bunun səbəbi isə Türkiyə universitetlərinin qəbul müddətinin bizim imtahanlarla toqquşması idi. Birinci blok imtahanımı verdikdən sonra müraciətimi dəqiqləşdirməli idim. Amma ikinci blok imtahanındakı nəticəmlə müraciət edib-etməyəcəyim barədə dəqiq qərar verə bilmirdim. Çünki ODTÜ qəbulunu birdən-birə elan etmir. Sadəcə, keçənilki nəticələrə baxmaqla təxmin etmək olur.

Hazırda isə istədiyim ixtisasa dövlət sifarişi ilə qəbul olunmuşam. Bu mənim üçün çox böyük motivasiya oldu. Həm BANM, həm də ODTÜ-də kifayət qədər peşəkar müəllimlər, xarici və ya yerli yetişmiş kadrlar mövcuddur. Mənə tədris ediləcək fənlərə də əvvəlcədən nəzər yetirmişdim.

Hazırda mənim üçün maraqlı olan başqa bir məqam da Çin dilini öyrənməkdir. Düşünürəm ki, gələcək illərdə təhsil həyatımla bağlı hədəflərim daha əsaslı şəkildə formalaşacaq. Amma hazırda marağım Çin dilinə yönəlib. Çünki Çinin texnologiya, maşınqayırma, kompüter sahələri mənə çox maraqlı gəlir. Fikirləşirəm ki, onlar daim yeniliklərə imza atırlar və mən də özümü orada görə bilirəm.

Bu qərarıma ailəm xüsusilə sevindi. Hər halda yaxınlıqda oxumağım onların rahatlığına səbəb oldu. Qərarımı da ailəmlə birgə müzakirə edib planlaşdırmışdım. Çox sistemdə olduğu kimi bu sahədə də istedad sadəcə 1-2%-dir. Mən düşünürəm ki, istedadlıyam və mənim kimi istedadlı gənclər də çoxdur.

Qəbula hazırlaşdığım müddətdə gördüm ki, bəzi abituriyentlərdə intizam çatışmır. Halbuki intizam olduqca vacibdir. Hesab edirəm ki, bu məsələdə valideynlərə böyük rol düşür. İlk növbədə onlar övladlarını bu sistemlə böyütməlidirlər”.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox