Azedu.az

Ali məktəbə qəbul çətindir, bitirmək asan - sistem dəyişməlidirmi?

Tələbələr

Universitetlər

8 Sentyabr 2025, 08:38
Ali məktəbə qəbul çətindir, bitirmək asan - sistem dəyişməlidirmi?

 

"Bizim təhsil sistemimizi Amerika təhsili ilə müqayisə etmək tam doğru deyil. Çünki ABŞ-də sistem tamamilə fərqlidir. Xüsusilə orta məktəbdə tədris prosesi və məktəbdən ali məktəbə qəbul mərhələsi bizdən qat-qat sadədir. Yəni, bir amerikalı abituriyent universitetə nisbətən asan qəbul olunur, amma universiteti bitirmək olduqca çətindir. Bizdə isə əksinə, universitetə qəbul çətindir, lakin bitirmək daha asandır.

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib.

Ali təhsilin vəziyyəti ürəkaçan deyil

"Bunun müqayisəsini ona görə aparıram ki, biz ali təhsil sistemində ciddi islahatlar etməliyik. Hazırda ali təhsil müəssisələrimizin vəziyyəti ürəkaçan deyil. Təcrübə proqramları demək olar ki, yoxdur. Bəzi ixtisaslara abituriyentlər maraq göstərmir, maraq göstərənlər isə sonradan iş tapmaqda çətinlik çəkirlər. Bunun əsas səbəblərindən biri də bəzi ixtisaslarda peşəkar təhsilin verilməməsidir. Ona görə də özümüzü inkişaf etmiş ölkələrlə müqayisə etmək düzgün deyil.

Amerika ali təhsilində maraqlı mexanizmlərdən biri tələbələr üçün tətbiq olunan güzəştlərdir. Məsələn, bir universitetin təhsil haqqı 10 min dollardırsa, tələbənin nəticələrinə görə ödəniş azaldılır. Tələbə yüksək bal topladıqca, daha az ödəniş edir. Bu həm ABŞ-də, həm də Kanadada geniş tətbiq olunur. Bu model təhsil almağa təşviqdir. Bizdə də ödənişli əsaslarla oxuyan tələbələrin imtahan nəticələrinə görə güzəştlər tətbiq edilsə, onların oxuma həvəsi artar. Hazırda güzəştlər yalnız qəbul balına görə verilir, amma proses universitetdə də davam etməlidir.

Amerika təhsili ilə bağlı bəzən “köhnəlmişdir” deyə fikirlər səslənir. Əslində, ABŞ-də tələbələr standartlara uyğun olaraq daha çox inkişaf tələb edirlər. Bizim standartlarla müqayisə etsək, Azərbaycanda son illərdə ciddi irəliləyişlər var. 10 il əvvəlki vəziyyətlə indi arasında müsbət dəyişiklikləri görə bilərik. Amma ABŞ təhsilində eyni dinamikanı müşahidə etmək olmur. Bu baxımdan Çin, Sinqapur, Almaniya, Finlandiya, Norveç və İsveç kimi ölkələr ABŞ-dən daha irəlidədir, çünki onlar təhsildə davamlı islahatlar aparırlar".

Məktəblərdə süni intellekt dərsləri keçirilməlidir

"Digər vacib məqam isə süni intellektin təhsilə inteqrasiyasıdır. Artıq ChatGPT kimi proqramlar bir çox məlumatı rahat şəkildə təqdim edə bilir. Əgər biz də təhsil sistemimizi bu istiqamətdə inkişaf etdirsək, böyük üstünlüklər əldə edərik. Mənim fikrimcə, orta məktəblərdə süni intellekt dərslərinin keçirilməsinə başlamaq lazımdır. İndiki informatika dərslərinin vəziyyətinə baxsaq, kifayət qədər laboratoriya, resurs və internet imkanlarımız yoxdur. Bunlar yaxşılaşdırılsa, məktəbdə süni intellekt dərsləri keçən şagirdlər ali məktəbə daha bilikli gedəcəklər.

Nəticədə, belə gənclər ali təhsildə daha yaxşı şərait və imkan tələb edəcəklər. Bu isə ümumən təhsilimizin inkişafına səbəb olacaq".

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox