Azedu.az

Dövlət Proqramının qalibi: 20 il sonra təhsil həyatıma geri DÖNDÜM

Tələbələr

Universitetlər

Uğur hekayələri

8 Sentyabr 2025, 11:09
Dövlət Proqramının qalibi: 20 il sonra təhsil həyatıma geri DÖNDÜM

2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Belə ki, xaricdə təhsil almaq hüququ qazananlardan biri də Bəhicə Əliyevadır. O,Oxsford universitetinin dəlillərə əsaslanan sosial müdaxilələr və sosial siyasətin qiymətləndirilməsi ixtisası üzrə magistratura təhsili alacaq.

AzEdu.az bu münasibətlə Bəhicə xanımla əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Bəhicə xanım, sizi ilk növbədə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququnu əldə etməyiniz münasibətiylə təbrik edirik. Sizi daha yaxından tanımaq istərdik.

- İlk növbədə təşəkkür edirəm. Mən, Bəhicə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinə (bakalavr üzrə) qəbul olmuş, daha sonra isə Gəncə Dövlət Universitetinə transfer etmişdim. 2000-ci ildə burada təhsil almışam və tarix ixtisası üzrə ixtisaslaşmışam. Bununla yanaşı, bir neçə sahə üzrə də təhsil almışam. 2004-2005-ci illərdə Böyük Britaniyanın Esseks Universitetində insan hüquqları üzrə beynəlxalq hüquq ixtisası üzrə təhsil almışam.

Həmin dövrdən etibarən Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Azərbaycan nümayəndəliyində çalışmışam. Bu ilin may ayının sonuna qədər həmin təşkilatda qadınlara qarşı zorakılıq, gender bərabərliyi və bu kimi mövzular üzrə proqram rəhbəri olmuşam.

Əslində, bu addımım birbaşa işimdən irəli gələn tələbat idi. Belə ki, dövlət proqramları çərçivəsində sosial sənədlər hazırlansa da, onların qiymətləndirilməsi və bu qiymətləndirmələrin arxasında dayanan nəzəri çərçivə baxımından ölkədə kadr potensialı demək olar ki, mövcud deyildi. Məsələn, hər hansı bir proqramın icrasını həyata keçirərkən onun qiymətləndirilməsi üçün daim beynəlxalq ekspertləri cəlb etməli olurduq.

Buna görə də düşündüm ki, Oksford Universitetində tədris edilən bu ixtisas həm mənim çalışdığım sahəyə uyğundur, həm də gələcəkdə bu istiqamətdə ölkəmizə fayda verə bilər. Məhz bu səbəb məni Oksford Universitetinə qəbul olmağa gətirib çıxardı.

Uzun bir müddətdən - 20 ildən sonra yenidən təhsil həyatına qayıtdım...

- Bəs, bu qədər müddətdən sonra təhsil almaq qərarına necə gəldiniz?

- Seçdiyim ixtisası, digər pillədə olsa belə, yenə də seçəcəkdim. Lakin məni əsas olaraq bu sahəyə vadar edən səbəb ölkədə sosial siyasətin qiymətləndirilməsi üzrə ciddi kadr çatışmazlığının olması idi. Mənim dil biliklərim və illər boyu qazandığım təcrübəm mənə imkan verdi ki, həmin ixtisasa sənəd təqdim edim. Elə sənədlərimi göndərən kimi qəbul olundum. Düşündüm ki, məhz bu sahə üzrə ixtisaslaşmalıyam.

- Sizə görə, bu qədər fasilədən sonra tələbə həyatına qayıtmaq çətin olacaqmı?

- Əlbəttə. İllər sonra tələbə həyatına qayıtmağın öz çətin tərəfləri var. Lakin bu çətinlik yeni bilikləri əldə etmək istəyimə mane ola bilməz. Ona görə də tələbə həyatının qorxusu artıq mənim üçün 2-ci plandadır.

- Xarici universitetə hazırlaşmaq prosesində necə, çətinliklə qarşılaşdınızmı?

- Qəbul prosesinə elə də xüsusi hazırlaşmamışdım. Sadəcə ixtisası araşdırdım və tələbləri oxudum. Tələblər arasında ən önəmlisi isə bu idi ki, “bu təhsilin prosesində nə etmək istəyirsən?”. Məsələn, tədqiqat işini qısa şəkildə yazmalı idin: nəyi araşdıracağını və bunu necə həyata keçirəcəyini göstərmək lazım idi.

Əslində, onu yazarkən böyük bir inamım yox idi. Lakin görünən odur ki, qısa da olsa təqdim etdiyim tədqiqat işini bəyəniblər və düşünblər ki, bunu daha da genişləndirmək mümkündür. Buna görə də mənə şans veriblər.

- Yaşınız artdıqca oxumaq və öyrənmək sizə daha çətin, yoxsa daha maraqlı gəlir?

- Mənə elə gəlir ki, xüsusiyyət olaraq daha maraqlı gəlir. Çünki bəzi insanlar müəyyən dövrdən sonra yenidən təhsil almağın çətin olduğunu düşünürlər.

Artıq professor-müəllim heyəti üçün sən illərdir bu sahədə çalışan Bəhicə Əliyeva deyilsən; sən sadəcə digər tələbələr kimi bir tələbəsən. Amma unutmaq olmaz ki, elə bir dövrdə yaşayırıq ki, xüsusilə də ölkədə gedən proseslər tələb edir ki, daima öz üzərimizdə işləyək.

Bəlkə magistratura səviyyəsində olmasa belə, kurslar və ya sertifikat proqramları səviyyəsində də olsa, öyrənmək vacibdir. Çünki illər əvvəl universitetdə öyrəndiklərimizlə məhdudlaşa bilmərik. Yeni dövrün çağırışları və tələbləri var və biz onlara uyğunlaşmalıyıq.

Həmçinin qeyd edim ki, Bakı Dövlət Universitetində yeni açılan Sosial iş ixtisası üzrə dərs demişəm. Demək olar ki, bu ixtisasın əsasını qoyanlardan biri də mənəm. Qəbul olma xəbərini duyan keçmiş tələbələrim mənə dedilər ki, “çox sağ olun ki, bu addımı atdınız”. Bunun özü mənim üçün böyük motivasiyadır. Yəni hiss edirsən ki, insanlara həvəs vermiş olursan.

- Az əvvəl də qeyd etdiniz ki, müəyyən yaşdan sonra təhsil almaq bəzilərinə çətin gəlir. Onlara buradan nə söyləmək istərdiniz?

- Postsovet məkanında belə bir ənənə var: bakalavrı bitirən kimi magistraturaya, magistraturanı bitirən kimi isə doktorantura pilləsinə üz tutmaq. Mən sizi inandıra bilərəm ki, illər əvvəl aldığım təhsilə yanaşmam bir az fərqlidir. Artıq bir təcrübəm var və daha yaxşı bilirəm ki, nəyi istəyirəm və qarşıda duran 10–20 il ərzində sevərək nəyi etmək istədiyimi anlayıram. Bu çox vacibdir.

Ona görə də tövsiyəm budur: oxumağı CV-də sadəcə bakalavr, magistr təhsilim var kimi qeyd etməyək. Oxumağa yalnız o zaman getmək lazımdır ki, proqrama maksimum özümüzü verə bilək və həmçinin həmin proqramdan maksimum fayda götürə bilək.

-Bəs, sizə “artıq oxumaq gecdir” deyə söyləyənlər olubmu?

- Bəli. Hətta indi də bu fikirlə qarşılaşıram. Deyirlər ki, sənin artq bu qədər təcrübən var yenidən təhsilə qayıtmağın mənası nədır? Lakin mən bilirəm ki, bu onların məsələni tam anlamamağından irəli gəlir.

Ümumiyyətlə qəbul olduğunuz xəbəri nə zaman aldınız? Uzun illərdən sonra tələbə olduğunuzu biləndə nə hisslər keçirdiniz?

- Eşidəndə çox sevindim. Bu xəbəri yaxınlarımla, ən doğmalarımla bölüşdüm. Amma sevinc hissiylə bərabər bir qorxu da üstümə gəldi. Çünki düşündüm ki, mən bütün indiyə qədərki həyatımı tamamilə dəyişirəm. Yenidən tələbə həyatına qayıdıram. Mən görəsən bunun öhdəsindən gələ biləcəyəmmi? Bir xeyli düşündüm. Daha sonra isə qərar verdim ki, məhz bu ixtisas üzrə təhsil alacağam.

- Neçə il müddətində təhsil alacaqsınız?

- 1 il müddətində təhsil alacağam. Seçdiyim ixtisas dəqiq elmlər üzrə olduğu üçün tədris 1 il müddətində davam edəcək.

Vətənə daha da faydalı töhfə verə bilmək hədəfi ilə xaricə gedirəm.

- Doktorantura üzrə də təhsil almağı düşünürsünüzmü?

- Bilirsiniz, bu yaxşı sualdır. Mən bu sualı özümə də bir neçə dəfə vermişəm. Bizdə bəzən insanlar doktoranturanı yalnız “doktor” adını almaq üçün seçirlər. Mən isə düşünürəm ki, doktoranturaya yalnız o insanlar getməlidir ki, gələcəkdə akademiyada işləmək istəsinlər. İndi bu sualı özümə verirəm: “Sən akademiyada çalışmaq istəyirsən?” Əgər bu qərarım qəti olsa, o zaman cəhd edəcəyəm.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox