Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu böyük uğura imza ataraq 8 nüfuzlu universitetdən qəbul alıb.
Belə ki, ali təhsil ocağından “Kimya müəllimliyi” (ingilis bölməsi) ixtisası üzrə bu il məzun olan Aynurə Məmmədova Amerikanın Northeastern, İtaliyanın Genova, Padova, Messina, Macarıstanın Debrecen, MATE (Kənd Təsərrüfatı və Təbiət Elmləri), Latviyanın Riqa Texniki və Litvanın Kaunas Texnologiya universitetlərində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ əldə edib.
Bu münasibətlə AzEdu.az həmin tələbə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
Aynurə xanım, sizi dünyanın nüfuzlu ali məktəbinə qəbul olmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Sizi yaxından tanımaq istərdik.
- Təşəkkür edirəm. Mən, Aynurə Məmmədova 2021-2025-ci illərdə bakalavr üzrə Bakı Mühəndislik Universiretində (BMU) təhsil almışam. İxtisasım ingilis dilində kimya müəllimliyi olub. Ali məktəbə 467 balla qəbul olmuşdum. Magistratura təhsili üçün xarici universitetlərə müraciət etdim və 8 nüfuzlu universitetdən qəbul aldım.
- Nə gözəl. Bəs hansı universitetdə təhsilinizi davam etdirmək istəyirsiniz?
- Hazırda İtaliyanın Padova şəhərində yerləşən Padova Universiretində təhsilimi davam etdirmək istəyirəm.
- Niyə məhz İtaliya?
- Çünki mənim kosmetika sahəsinə böyük marağım var. Hətta özümün hazırladığım krem məhsulum olub, tərkibini isə özüm yaratdığım marka üzərində qurmuşam. Bundan əlavə, bizneslə bağlı startap fəaliyyətim də var. Laboratoriya şəraitində çox işləmişəm və orada mənə məxsus xüsusi maddə yaratmışam. Qazandığım ixtisas bu sahə ilə birbaşa bağlı olduğundan düşünürəm ki, bütün bu təcrübələri kimya ilə birləşdirərək özüm üçün uğurlu gələcək qura bilərəm.
Məhz buna görə həmin ixtisası seçmişəm. Padova Universiteti isə çox nüfuzlu ali məktəbdir. Məsələn, məşhurlardan Qalileo Qaliley orada professor olub. Bu da mənim üçün əlavə motivasiya və böyük fürsətdir.
- İtaliyada hansı ixtisas üzrə oxuyacaqsınız?
- Davamlı kimya ixtisası üzrə magistratura pilləsində təhsil alacağam.
- Az əvvəl qeyd etdiniz ki, özünüzə məxsus krem məhsulu yaratmısınız. Krem daha çox nə üçün istifadə edilib? Heç satışa çıxarırdınızmı?
- Universitetdə oxuduğum vaxt hər kəsə ev şəraitində öz məhsulunu hazırlamaq tapşırığı verilmişdi. Mən də bu tapşırığa uyğun olaraq evdə krem hazırladım. Aradan aylar keçdikdən sonra həmin məhsulun soyuducuda təsirini itirmədiyini gördüm və düşündüm ki, mən bunu həqiqətən yarada bilərəm. Daha sonra laboratoriya şəraitində işləməyə başladım və 30 ml-lik 15 qutu nəmləndirici dəri kremi hazırladım.
Sadəcə bir dəfə reklam etdim, amma inanın ki, bütün məhsullar dərhal satıldı. Hətta istəyənlərin bir qisminə də qalmadı. Geri dönüşlər isə çox müsbət oldu. Davam etməməyimin yeganə səbəbi maliyyə imkanlarımın məhdud olması idi.
Lakin gələcək üçün bu işi mütləq planlaşdırıram. Çünki ixtisasım kimyadır və kimya bu işin “mətbəxi”dir. Ona görə də düşünürəm ki, həmin “mətbəxə” daha dərindən daxil olduqdan sonra bu sahədə daha peşəkar şəkildə fəaliyyət göstərə biləcəyəm.
- Xaricdə təhsilinizi başa vurduqdan sonra vətənə dönməyi düşünürsünüzmü?
- Bəli, bitirdikdən sonra dönməyi düşünürəm.
- Həm bakalavr, həm də magistratura səviyyəsində kimya ixtisasını seçmisiniz. Bu fənnə marağınız necə yaranıb və sizi cəlb edən nə oldu?
- Əslində, kimya ixtisası üzrə oxumağım tamamilə təsadüf olub. Ali məktəbə hazırlaşarkən ən sevmədiyim fənn kimya idi. Hətta müəllimlə də tez-tez kiçik mübahisələrim olurdu. İxtisas seçimində isə kimya müəllimliyini ümumiyyətlə yazmamışdım. Son anda kimya müəllimim gəlib seçdiyim vərəqi cırıb tulladı və dedi: “Sən çox böyük bir səhv edirsən, sən kimya insanısan".
O vaxtlar kimya üzrə zəif idim. Amma qəbul imtahanında 30 sualdan 27-ni düzgün cavablandırdım. Bu nəticədən sonra prinsiplə kimyanın üzərində dayanmağa başladım.
Zaman keçdikcə kimyaya marağım artdı. Onun rəngarəngliyini gördükcə daha da həvəsləndim. Müəllimimlə münasibətlərimiz də düzəldi, indi də əlaqəmiz davam edir.
-Bəs xarici universitetə hazırlaşmaq prosesində hər hansısa çətinliklə qarşılaşdınızmı?
- Bu prosesə hazırlaşdığım vaxtlarda çox çətinliklərlə üzləşdim. Mən Laçındanam və bizim nəsildə yanaşmalar bir qədər fərqlidir. Qadının təhsil almasına çox da müsbət baxılmır. Hətta deyə bilərəm ki, universitetə qəbul olunan ilk qız mən olmuşam.
Üzərimdə böyük basqılar vardı. Magistraturanı xaricdə oxumaq istədiyimi deyəndə isə mənə sadəcə gülürdülər, sözlərimi ciddi qəbul etmirdilər. Heç kəs inanmırdı ki, belə bir mühitdən gələn biri təhsil üçün xaricə addım ata bilər. Atam razı olmasa da, mən gizlicə IELTS imtahanına hazırlaşdım.
Dörd il müəllim kimi işlədim və iki il ərzində qazandığım maaşı yığaraq yalnız özümə sərmayə qoydum. Bu gün xoşbəxtəm ki, bütün çətinliklərin öhdəsindən gələ bildim və arzularımın arxasınca getdim.
- Sizin həmin çətinliklərə baxmayaraq geri çəkilmədən mübarizə aparmağınıza səbəb nə idi? Sizə güc verən əsas amil nə oldu?
- Şagirdlərimin valideynləri tez-tez mənə deyirdilər: “Biz istəyirik ki, uşaqlarımız sizin kimi olsunlar". Məncə, insan ilk növbədə lüğətindən “imkansız” kəlməsini silməlidir. Çünki həyatda mümkünsüz deyilən heç nə yoxdur.
Mən də bu yolda saysız-hesabsız çətinliklərlə üzləşmişəm. Yorulduğum, hətta “imtina edim” dediyim anlar olub. Həm maddi, həm də mənəvi tərəfdən böyük sınaqlardan keçmişəm. Amma bütün bunlara baxmayaraq, heç vaxt geri çəkilmədim.
Mənim sloqanım budur: “Hər kəs hər şeyi bacara bilər". Çünki “olmaz” deyilən bir şeyə inanmaq olmaz.
- Bu yaşda belə bir düşüncə tərzinə sahib olmaq, doğrudan da, alqışa layiqdir. Sizə bu yolda daha böyük uğurlar arzu edirəm. Bəs xarici dil bilikləriniz hansı səviyyədədir?
- Çox sağ olun. B2 səviyyəsində ingilis dilini bilirəm. İtaliyan dilində isə sadə ünsiyyət formasını bilirəm.
- Xaricdə tək yaşayacaqsınız?
-Bəli. Ona görə də düşünürəm ki, bu proses mənə bir qədər çətin olacaq. Amma düşünmürəm ki, bu çətinliyi aşa bilməyəcəm.
- Müəllimlik fəaliyyətiylə bağlı söz açdınız. 4 il müəllim kimi çalışmısınız. Hansı müəssisədə işləmisiniz?
-1-ci kursda oxuyan zaman müəllimimin şagirdlərinə dərs keçməyə başladım. Daha sonra müxtəlif özəl kurslarda fəaliyyətimi davam etdirdim. 2 il ev şəraitində repetitorluqla məşğul oldum.
- Təhsil həyatınızla bağlı hansı hədəfləriniz var?
- Təbii ki, ən böyük arzularımdan biri yaxşı bir kimyaçı olmaqdır. Qəbul olduğum ixtisasın üç əsas istiqaməti var: kosmetik kimya, sənaye kimyası və ekologiya kimyası. Mənim hər üç sahə ilə də marağım və bağlılığım var.
Düşünürəm ki, keçmişdə qazandığım təcrübə və bilikləri gələcəkdə öyrənəcəklərimlə birləşdirərək, ortaya dəyərli və faydalı nəticələr qoyacağam.
- Sizin kimi uğur qazanmaq istəyənlərə nə tövsiyə edərdiniz?
- Uğur əldə etmək istəyən bütün gənclərə tövsiyəm budur ki, lügətinizdən qətiyyən mümkünsüz kəliməsini çıxarın. Elə bir sözə özünüzü, qulağınızı alışdırmayın. əgər istəyirsinizsə, ilk növbədə bu işin nə qədər məsuliyyət tələb etdiyinin fərqinə varın. Əzmkarlıqla bu işi bacara biləcəyinizə inanın. Qarşınıza çox çətinlik çıxacaq. Bunu bilin. Hər çətinlikdən qorxub geri çəkilmək olmaz. Tam tərsi onun üzərinə gedin.