Azərbaycanda ali təhsil müəssisələrinin böyük əksəriyyəti Bakıda yerləşir. Bu isə həm paytaxtda sıxlığa, həm də regionlarda təhsil imkanlarının məhdudlaşmasına səbəb olur. Bu baxımdan universitetlərin paytaxtdan kənara köçürülməsi ideyası cəmiyyətin müxtəlif təbəqələri tərəfindən daim gündəmə gətirilir və müzakirə olunur. Bakı şəhərində ali təhsil müəssisələrinin çoxluğu, tələbə axını və bununla paralel artan nəqliyyat, kirayə və sosial problemlər şəhərin infrastrukturuna böyük təzyiq yaradır. Universitetlərin regionlara köçürülməsi bu yüklənməni azaltmaq üçün bir yol kimi təqdim olunur.
Universitetlərin paytaxt Bakıdan kənara köçürülməsi ideyası, doğru planlaşdırılarsa, Azərbaycanda regionların inkişafı, təhsilin əlçatanlığı və bərabər imkanların yaradılması baxımından mühüm addım ola bilər. Bu proses tələsik deyil, davamlı, mərhələli və strateji yanaşma tələb edir.
Ali təhsilin yalnız Bakıda cəmlənməsi regionlarda yaşayan gənclər üçün əlavə maddi və sosial çətinliklər yaradır. Universitetlər bölgələrə yerləşdirilsə, bu gənclərin təhsilə çıxışı asanlaşar. Universitetlər regionlara köçürüldükdə, gənclər təhsil aldıqdan sonra həmin bölgədə qalmağa daha çox meyilli olurlar. Bu isə beyin axınının qarşısını almaq baxımından müsbət haldır.
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Bakıda yerləşən ali məktəblərin kənar əraziyə və ya ölkənin digər bölgələrinə köçürülməsi məsələsi illərdir müzakirə olunur. Lakin hələ ki bir nəticəyə gəlinməyib. Bu köçürmə bir neçə aspektdən ciddi işlənib hazırlanmalıdır:
“Fikrimcə, tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələri şəhərdən kənara köçürülməlidir. Buraya Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və s. daxildir. Məlumdur ki, tələbələrin gündəlik olaraq ictimai nəqliyyat, yaxud şəxsi avtomobillərindən istifadə etməsi də sıxlığa səbəb olan amillərdəndir. Bu universitetlərin Abşeron rayonu, yaxud Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya daha yaxın ərazilərə köçürülməsi arzuolunandır. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər”.
Ekspert deyir ki, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa edilməlidir. Təbii ki, bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir: “Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Məsələn, Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Əsas məsələ budur”.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov hesab edir ki, universitetlərin çoxunun paytaxtda cəmləşməsi həm tıxacların yaranmasına, həm də digər şəhər və regionların ümumi inkişafdan geri qalmasına səbəb olur:
“Çünki universitet mühiti yalnız təhsil mühiti deyil, fərqli şəhərlərdə universitetlər mövcud olanda həmin bölgənin, şəhərin ümumi intellektual inkişafı şərtlənir. Eyni zamanda mədəni mühit formalaşır. Bu baxımdan düşünürəm ki, universitetlərin paytaxtdan köçürülməsində maraqlı olmalıyıq. Bu yaxınlarda Bakı şəhərinin baş planı təsdiq olunub. Baş planda Bakı şəhərinin genişləndirilməsi çərçivəsində universitetlərin köçürülməsini gündəmə gətirir. Digər tərəfdən, işğaldan azad olunmuş torpaqların bərpası, yenidən qurulması və yeni infrastrukturun təmin olunması, universitet mühitinin formalaşması gündəmdədir. Düşünürəm ki, yalnız işğaldan azad olunmuş ərazilərdə deyil, respublikanın digər bölgələrində də universitetlərin fəaliyyətə başlaması faydalı ola bilər. Eyni zamanda universitetlər üçün fərqli yaşayış kampusları olur”.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, şəhərdaxili nəqliyyat yükünün əsas səbəblərindən biri səhər və axşam saatlarında tələbələrin universitetlərə və yataqxanalara gedib-gəlməsidir. Xüsusilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Tibb Universiteti kimi iri tələbə kontingentinə malik ali məktəblər bu prosesdə əsas hədəflərdən biridir. Bu universitetlərin şəhərdən kənara köçürülməsi nəqliyyat axınını optimallaşdıraraq yolların yüklənməsinin azalmasına kömək edə bilər:
“Fikrimcə, şəhər kənarında müasir kampusların yaradılması ali təhsilin keyfiyyətinə də müsbət təsir edəcək. Avropa və ABŞ-da universitetlərin böyük əksəriyyəti şəhərdən kənarda geniş kampuslarda fəaliyyət göstərir. Məsələn, Almaniyada Heidelberg Universiteti və ABŞ-da Stanford Universiteti geniş ərazilərə malik kampuslarda yerləşir və tələbələr üçün yaşayış, kitabxana, laboratoriya və idman komplekslərini özündə birləşdirir. Azərbaycanın da bu təcrübədən istifadə edərək təhsil şəhərcikləri yaratması mümkündür. Belə kampuslar universitetlərarası inteqrasiyanı gücləndirə və tələbələrin akademik mühitdə daha effektiv fəaliyyət göstərməsinə şərait yarada bilər. Universitetlərin şəhərdən kənara köçürülməsi ekoloji cəhətdən də müsbət nəticələr verə bilər. Bakı şəhərində avtomobil tıxaclarının əsas səbəblərindən biri təhsil müəssisələrinin sıx olduğu ərazilərdə yaranan nəqliyyat yüklənməsidir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində gün ərzində aktiv hərəkət edən avtomobillərin əhəmiyyətli bir hissəsi ali təhsil müəssisələrinin yerləşdiyi rayonlarda sıxlıq yaradır. Nəqliyyat axınının şəhər kənarına yönəldilməsi karbon emissiyalarının azalmasına və ekoloji balansın qorunmasına töhfə verə bilər".
Ekspertin söylədiyinə görə, universitetlərin şəhərdən kənara köçürülməsinin müəyyən çətinlikləri də var: "Birinci növbədə, bu proses tələbələr və müəllimlər üçün əlavə nəqliyyat xərcləri və yol müddətinin uzanması kimi problemlər yarada bilər. Almaniya və Böyük Britaniya kimi ölkələrdə şəhərdən kənarda yerləşən universitetlər üçün xüsusi nəqliyyat sistemləri mövcuddur. Məsələn, Almaniyada tələbələr üçün aylıq nəqliyyat kartları tətbiq olunur və tələbələr bu kartlar vasitəsilə şəhərin istənilən nöqtəsindən kampusa rahat şəkildə çata bilirlər. Azərbaycanda da belə sistemin qurulması tələbələrin əlavə yük altına düşməsinin qarşısını ala bilər. İqtisadi baxımdan da universitetlərin köçürülməsi müəyyən risklər daşıyır. Şəhərin mərkəzində yerləşən təhsil müəssisələri ətraflarında geniş bir biznes mühiti formalaşdırır. Kitab mağazaları, kafe və restoranlar, tələbələrə xidmət göstərən digər obyektlər universitetlərin köçürülməsi nəticəsində müştərilərini itirə bilər. Bu, həmin ərazilərdə iqtisadi durğunluğa səbəb ola bilər. Alternativ olaraq, yeni kampusların ətrafında biznes infrastrukturu yaradılmalı və sahibkarlara yeni investisiya imkanları təqdim olunmalıdır".
Sabiq millət vəkili Etibar Əliyevin sözlərinə əsasən, böyük şəhərlərdə universitetlər şəhərdən kənarda yerləşir. Azərbaycanda isə əksinədir. Bütün universitetlər şəhərin mərkəzinə toplaşıb. Bunlar yavaş-yavaş şəhər kənarına çıxarılmalıdır ki, paytaxtdakı sıxlıq aradan qalxsın. Bir sıra konkret universitetlər var ki, onların bölgələrə köçürülməsi mümkündür.
"Məsələn, Neft və Səneye, Pedoqoji, Texnoloji universitetləri köçürmək olar. Texniki təhsil üçün çox böyük kampus lazımdır. Kiçik bir ərazidə tədrisin elmi-nəzəri, praktiki tərəfini qurmaq qeyri-mümkün Bu mənada universitetlər daha effektiv olur. Bütün bunlar ciddi şəkildə nəzərdən keçirilməlidir. Dünyanın bir çox ölkələrində universitetlərin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir. Yəni universitetlər kampussuz mümkün deyil. Bu mütləq şəkildə olmalıdır. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Müasir informasiya texnologiyalarına, yüksək tələblərə cavab verən avadanlıqlara malik olmayan universitet müəyyən bir müddətdən sonra zamanla ayaqlaşa bilməyərək öz funksiyasını yerinə yetirə bilməyəcək. Tədris olunan dərslərin effektivliyini artırmaq üçün müasir texnologiyaların olduğu sinif otaqlarının, laboratoriyaların, müasir və zəngin kitabxananın, bir çox sosial təsisatların olması zəruridir. Hətta yerləşdiyi ərazinin mənzərəsi belə təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Kampuslar yaradılarkən yalnız xarici görünüşün gözəl olması nəzərdə tutulmamalıdır. Bu şəhərçiklər elə qurulmalıdır ki, orada elmlə məşğul olmaq istəyənlər üçün hər cür şərait olsun. Kampus yoxluğu tələbələrin informasiya texnologiyalarından mobil şəkildə istifadəsinin, gənclərin kitabxanalara cəlb edilməsinin qarşısını alır. Bu gün dünyanın aparıcı universitetlərinin çox yaxşı kitabxana fondları var. Bizim tələbələr isə çox təəssüf ki, hər hansı materialı əldə etmək üçün kampusun yoxluğu ucbatından uzun məsafə qət edərək bu və ya digər kitabxanaya gedirlər".
Memar Telman Novruzovun fikrincə, universitetlərin bölgələrə köçürülməsi, mövcud şəhər mühitinə uyğunlaşdırılmış deyil, tam funksional və müstəqil təhsil şəhərcikləri şəklində dizayn olunmalıdır. Belə kampuslar, tədris binaları, yataqxanalar, kitabxanalar, idman və mədəniyyət mərkəzləri, yaşıllıq sahələri və s. Yeni universitet tikililəri sadəcə “kopyalanmış” binalar olmamalıdır. Hər bir regionun - iqlim şəraiti, memarlıq ənənəsi nəzərə alınmalı, yerli mədəniyyətlə harmonik inteqrasiya təmin olunmalıdır.
Məsələn, Qəbələdə və ya Gəncədə salınacaq universitet şəhərcikləri Bakıdakı beton dominanlı dizaynla eyni olmamalıdır: “Yeni təhsil mərkəzlərinin yerləşəcəyi ərazilərdə nəqliyyat şəbəkəsinin planlanması əsas məsələdir. Universitet yalnız binalar deyil, ona asudə, təhlükəsiz və əlçatan şəkildə çatmaq mümkün olmalıdır. Bu məqsədlə ictimai nəqliyyat xətləri, velosiped yolları, ppiyada keçidləri, yaşıl marşrutlar, dizaynın bir hissəsi kimi düşünülməlidir. Yeni universitet binaları enerji effektiv, təbiətə zərər vurmayan, bərpa olunan enerji mənbələri ilə təchiz edilmiş olmalıdır. Bu günəş panelləri, yağış sularının toplanması və istifadəsi, təbii işıq və havalandırma sistemləri ilə mümkündür. Universitet yalnız tədris məkanı deyil - sosiallaşma, yaradıcılıq və müzakirə mühitidir. Buna görə də açıq amfiteatrlar, kafe və kitab küncləri, “yaşıl otaqlar” və istirahət sahələri dizaynda vacib rol oynamalıdır. Bu sahələr gənclərin fikir mübadiləsi, yaradıcılığı və istirahəti üçün stimullaşdırıcı mühit yaradır. Universitetlərin paytaxtdan regionlara köçürülməsi memar baxışından tarixi fürsət ola bilər. Doğru planlama və memarlıq yanaşması ilə bu layihələr regionların simasını dəyişə bilər”.
Nərmin Qarazadə