Bu gündən ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.
AzEdu.az-ın məlumatına görə, Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı fərman sentyabrın 1-dən qüvvəyə minib.
Fərmana əsasən, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata çatdırılıb.
2001-ci ildə imzalanan sərəncama əsasən, Prezident təqaüdü Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbəyə verilir. Təqaüdlərin kimlərə verilməsi ilə bağlı hər il sentyabr ayında sərəncam imzalanır.
Qeyd edək ki, Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin artırılması barədə fərman da bu gündən etibarən qüvvəyə minib.