Azedu.az

Tələbələrin aylıq ödənişləri: regiondan paytaxta gələnlər nə qədər xərcləyir?

Tələbələr

Universitetlər

2 Sentyabr 2025, 13:19
Tələbələrin aylıq ödənişləri: regiondan paytaxta gələnlər nə qədər xərcləyir?

Rayonlardan Bakıya təhsil almaq üçün gələn tələbələrin qarşısında yeni imkanlarla yanaşı, müəyyən çətinliklər yaranır. İlk günlərdə onlar universitet binasını tanımaqdan əlavə, özlərinə uyğun yemək yerləri, kitabxanalar, mağazalar və nəqliyyat vasitələrini tapmağa çalışırlar. 

Bir çox tələbə ilk aylarını xərcləri necə böləcəyini öyrənməklə keçirir. Yemək, nəqliyyat, telefon xərcindən tutmuş gündəlik xırda alış-verişlərə qədər hamısı onların büdcəsini formalaşdırır. Kimisi deyir ki, ayın əvvəlində pul tez tükənir, kimisi isə qənaət yollarını gec də olsa tapa bilir.

Bəzən isə paytaxta yeni ayaq basan tələbələr uzun müddət sosiallaşmaqda çətinlik çəkirlər. 

AzEdu.az bu çətinlikdən keçmiş tələbələrlə həmsöhbət olub. 

Bakıda təhsil alıb məzun olmuş şəxs bildirib ki, şəhərə ilk gəldiyi zaman ünsiyyət qurmaqdan xeyli çəkinirmiş:

"Baxmayaraq ki, ailəmlə tez-tez Bakıya səfərimiz olurdu, adaptasiya müddətim mənim üçün xeyli çətin oldu. Uzun müddət dərs-ev rejimi ilə yaşadım. Bəzən tək Sahilkənarı Bulvara üz tutar, dənizin qarşısında əyləşərdim. Bakı doğrudan da çox böyükdür. Ən azından mənim doğulub boya-başa çatdığım rayon Bakıdan kiçik idi...Bu qədər səs küyün içində sakitliyi təkcə dənizdə tapa bilirdim. Bir semestr beləcə ötüb keçdi. Daha sonra əlaqələr qurmağa,  dost edinməyə, yeni yerlər gəzməyə başladım. Bu arada dənizi də unutmurdum (Gülür)". 

Eynilə müsahibimizin dediyi kimi dərs yorğunluğunu atmaq üçün ən yaxşı ünvanlardan biri Xəzər sahilindəki Bulvardır. Velosiped sürmək, dəniz havası almaq və ya sadəcə oturub kitab oxumaq üçün geniş və rahatdır. Daha sakit mühit axtaranlar üçün parklar da yaxşı seçimdir. Filarmoniya bağı, Səməd Vurğun bağı Hüseyn Cavid parkı bunlara yaxşı nümunələrdəndir.

Kitabsevərlər Milli Kitabxanaya üz tuta bilərlər. Son illər isə tələbələr arasında kafe-kitabxana tipli məkanlar populyarlaşıb - həm oxumaq, həm də qəhvə içib dostlarla vaxt keçirmək mümkündür. Məsələn, “Coffee Moffie”, “Book and Coffee” və “Bookhouse Baku” tələbələrin çox getdiyi ünvanlardandır.

Yemək və dostlarla söhbət üçün Nizami küçəsində saysız-hesabsız kafelər var. Əgər cib dostu yerlər axtarılırsa, kiçik “fast food” məkanları və tələbə endirimi olan restoranlar da yetərincədir.

Mədəniyyətlə maraqlananlar Heydər Əliyev Mərkəzində sərgilərə qatıla, Azərbaycan Xalça Muzeyində milli incəsənəti kəşf edə bilərlər. Hətta kinoya marağı olan tələbələr üçün Nizami Kino Mərkəzi və müxtəlif “art house” kinoteatrlar da şəhərin cazibəsini artıra bilər.

Bəs paytaxta təhsil almaq üçün gələn tələbənin aylıq xərci təqribi nə qədərdir?

Bakı Dövlət Universitetinin III kurs tələbəsi Zəhra Niftiyeva ilə əlaqə saxladıq. Bildirib ki, otaq yoldaşı ilə birgə kirayə üçün xərc daha az çıxır.

"Yemək üçün təxminən 150-200 manat lazımdır, evdə bişirsən daha sərfəlidir, amma kənarda yeyəndə artır.

Metro və avtobus üçün ayda 15-25 manat kifayət edir. Bu nəqliyyatdan gün içində bir dəfə istifadə edənlərə aiddir.

Kofe içmək zəif yerimdir, ayda təxminən 40-70 manat gedir. Çünki xərcim nə qədər çox olsa da, artıq bunu vərdiş etmişəm. Telefon və internet 20-30 manat, kino, muzey, əyləncə üçün 30-50 manat, kitab və dəftər üçün 20-40 manat ayırmaq olar.

Ümumilikdə, bir ay üçün 450-500 manat yetərli olur. Beləcə həm dərs, həm dostlarla görüş, həm də şəhəri gəzmək mümkündür".

Bəziləri ailədən gələn dəstəklə büdcəsini planlaşdıraraq tələbə həyatını davam etdirir, bəziləri isə həm oxuyub, həm də işləyərək xərclərini qarşılamağa çalışır. Təbii ki, çalışan tələbələr üçün büdcə planlaması müəyyən qədər artır. Paytaxtda təhsil hər bir tələbəyə fərqli təcrübə qazandırır və onların gələcək həyat tərzinə təsir göstərir.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox